Bu gün Azərbaycan urbanizasiya sahəsində yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan layihələrin iştirakçısına çevrilmişdir
Paytaxt Bakı şəhərində son illər həyata keçirilən infrastruktur layihələri də müasir şəhərsalmanın mühüm elementlərindəndir. Yeni magistral yolların, körpülərin, tunellərin tikilməsi, ictimai nəqliyyat sisteminin yenilənməsi, park və bulvarların genişləndirilməsi şəhər sakinlərinin rahatlığını artırmaqla yanaşı, Bakının beynəlxalq şəhər imicini daha da gücləndirmişdir. Eyni zamanda müasir memarlıq nümunələri ilə milli memarlıq ənənələrinin uzlaşdırılması şəhərin estetik görünüşünü zənginləşdirir.
Şəhərsalma yalnız fiziki infrastruktur deyil, həm də insan kapitalının inkişafı deməkdir. Bu baxımdan Azərbaycanda urbanizasiya sahəsində təhsil, elmi tədqiqat və beynəlxalq əməkdaşlıq layihələrinə də xüsusi diqqət ayrılır. “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində keçirilən beynəlxalq konfranslar və tələbə forumları gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Azərbaycanın şəhərsalma modeli beynəlxalq səviyyədə maraq doğursa da, urbanizasiya prosesində mövcud problemlər və çağırışlar da diqqətdən kənarda qalmır. Son günlər Bakıda müşahidə olunan güclü yağışlardan sonra yaranan problemlər şəhər infrastrukturunun davamlı şəkildə yenilənməsinin vacibliyini bir daha göstərdi. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə drenaj sistemlərinin təkmilləşdirilməsi məsələsi geniş müzakirə olunur. Bununla belə, müasir şəhərsalma məhz bu cür çağırışlara cavab verən uzunmüddətli planlaşdırma və innovativ həllərin tətbiqini tələb edir.
Bu gün Azərbaycan urbanizasiya sahəsində yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan layihələrin iştirakçısına çevrilmişdir. Müasir şəhərsalma siyasəti ölkənin iqtisadi gücünü, texnoloji imkanlarını və strateji baxışını nümayiş etdirir. Bakı şəhərinin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi isə Azərbaycanın beynəlxalq urbanizasiya gündəliyində mühüm rol oynadığını təsdiqləyir.
Müasir şəhərsalma sahəsində Azərbaycan modeli innovasiya, dayanıqlılıq, milli memarlıq ənənələri və insan amilinin vəhdətinə əsaslanır. Bu model təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da maraqla izlənilir. Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı şəhərsalma layihələri gələcəyin təhlükəsiz, rahat və dayanıqlı şəhərlərinin qurulması istiqamətində mühüm nümunə kimi dünyanın diqqətindədir.
Müasir şəhərsalma siyasətində ekoloji amillərin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da yaşıl enerji və ekoloji davamlılıq məsələlərini prioritet istiqamət kimi müəyyənləşdirib. Yeni salınan yaşayış məntəqələrində enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə və ətraf mühitin qorunması əsas prinsiplərdən hesab olunur. Bu yanaşma həm şəhər həyatının keyfiyyətini yüksəldir, həm də gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına xidmət edir.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

























