Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və cənab Prezident İlham Əliyevlə keçirdiyi görüş iki tərəf arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Görüşdən sonra dövlətimizin başçısının mətbuata verdiyi bəyanat təsdiqləyir ki, Avropa Komissiyası ilə əməkdaşlıq siyasi dialoqdan iqtisadi əlaqələrə, enerji təhlükəsizliyindən yaşıl keçidə, nəqliyyat-logistika imkanlarından regional təhlükəsizliyə qədər geniş strateji gündəliyi əhatə edir. Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan keçirilən görüşlər həm Avropa ilə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə təsir göstərə biləcək mühüm siyasi hadisə kimi dəyərləndirilir. Bəyanatda iqtisadi əməkdaşlığın hazırkı səviyyəsinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev bildirib ki, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanla aparılması respublikanın regionun iqtisadi mərkəzi kimi rolunu daha da gücləndirir. Bu nəticə həyata keçirilən iqtisadi islahatların, şəffaf biznes mühitinin və beynəlxalq investorlar üçün yaradılmış əlverişli imkanların məntiqi davamıdır.
CənabPrezident çıxışında enerji məsələləri mövzusuna da toxunub. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu artıq mühüm nəticələr verib. Bu müddət ərzində Avropa İttifaqı ölkələrinə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ixrac olunan qazın yarısı Avropa bazarına çatdırılır və 10 Avropa dövləti bu resursdan istifadə edir. Bu göstəricilər enerji sahəsində əməkdaşlığın davamlı və uzunmüddətli xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Uzun illər ərzində yaradılmış infrastruktur hazırda Avropanın enerji təminatında mühüm rol oynayır. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizini ümumi fəaliyyətimizin gözəl nümunəsi kimi dəyərləndirib. Təxminən 3500 kilometr uzunluğa malik vahid boru kəməri sistemi Xəzər hövzəsinin enerji ehtiyatlarını Avropa bazarına təhlükəsiz şəkildə çatdırır. Bu layihə enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, iştirakçı dövlətlər arasında qarşılıqlı etimadı və iqtisadi əməkdaşlığı da möhkəmləndirir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti daha da artır. Mövcud əməkdaşlıq modeli həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, Avrasiyada ticarət və nəqliyyat imkanlarının genişlənməsinə, Cənubi Qafqazda davamlı sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına mühüm töhfə verir. Bu baxımdan iyulun 1-də keçirilən görüş gələcək əməkdaşlığın yeni mərhələsinin əsas istiqamətlərini müəyyən edən əlamətdar siyasi hadisə kimi tarixə düşür.
Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı





















