Azərbaycan bu gün yalnız regionun deyil, dünyanın diqqət mərkəzində olan inkişaf modeli ilə seçilən dövlətlərdən biridir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və şəhərsalma siyasəti hər bir vətəndaşın həyatına birbaşa təsir göstərən mühüm dövlət strategiyasına çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan müasir infrastruktura, milli-mənəvi dəyərlərə söykənən memarlıq ənənələrinə və gələcəyə hesablanmış şəhərsalma konsepsiyasına malik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanmışdır. Bu baxımdan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın inkişaf yolunun dünyaya təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır.
Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi inkişaf yolunu, şəhərsalma siyasətində əldə olunan uğurları və qarşıda duran mühüm vəzifələri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısının qeyd etdiyi kimi, 182 ölkədən 45 mindən artıq iştirakçının qatıldığı bu mötəbər tədbir ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bu cür genişmiqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Son illər ölkəmizdə keçirilən beynəlxalq forumlar, konfranslar və qlobal tədbirlər Azərbaycanın sabit, təhlükəsiz və inkişaf edən dövlət olduğunu bir daha sübut edir.
Azərbaycan tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olmuşdur. Bu özünü yalnız coğrafi mövqedə deyil, eyni zamanda milli memarlıq nümunələrində, şəhərsalma ənənələrində və mədəni irsdə də göstərir. Bakı şəhərinin qədim İçərişəhəri ilə müasir memarlıq komplekslərinin harmoniyası xalqımızın tarixi irsə necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, qədimliklə müasirliyin vəhdəti Azərbaycanın şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasət yalnız paytaxt Bakını deyil, respublikamızın bütün bölgələrini əhatə edir.
Bu gün Azərbaycanın müxtəlif şəhərlərində həyata keçirilən yenidənqurma və abadlıq işləri xalqımızın rifahının yüksəldilməsinə xidmət edir. Şamaxı, Gəncə, Naxçıvan, Şəki, Qəbələ və Lahıc kimi qədim yaşayış məskənləri həm tarixi simasını qoruyur, həm də müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilir. Tarixi abidələrin bərpası, yeni parkların salınması, yolların və sosial obyektlərin tikintisi dövlətimizin milli-mədəni irsə verdiyi böyük dəyərin göstəricisidir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü, iradəsini və gələcəyə baxışını nümayiş etdirir. Uzun illər işğal altında qalmış ərazilərimizin tamamilə dağıdılması dünya ictimaiyyətinə məlum həqiqətdir. Bu torpaqlarda aparılan bərpa və yenidənqurma işləri isə yalnız şəhərlərin deyil, insanların həyatının yenidən qurulması deməkdir. Böyük Qayıdış proqramı çərçivəsində yeni yaşayış məntəqələrinin salınması, məktəblərin, xəstəxanaların, yolların, körpülərin və hava limanlarının tikilməsi dövlətimizin öz vətəndaşına olan diqqət və qayğısının ən parlaq nümunəsidir.
Təhsil işçisi kimi hesab edirəm ki, bu inkişafın əsas dayaqlarından biri məhz savadlı, dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişdirilməsidir. Bu gün məktəblərdə təhsil alan şagirdlər gələcəyin memarları, mühəndisləri, alimləri və dövlət xadimləridir. Onlarda vətən sevgisinin, milli irsə bağlılığın və müasir düşüncənin formalaşdırılması cəmiyyətimizin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Gənclər bilməlidirlər ki, qorunan hər bir tarixi abidə, tikilən hər bir məktəb, salınan hər bir park dövlətimizin gücünün və xalqımızın birlik ruhunun təcəssümüdür.
Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurlar həm də ekoloji təhlükəsizlik və yaşıl inkişaf prinsiplərinə əsaslanır. Son illər Bakıda və bölgələrdə yaradılan yeni parklar, abadlaşdırılan ərazilər, müasir ictimai nəqliyyat sistemi və ekoloji layihələr insanların daha rahat və sağlam mühitdə yaşamasına xidmət edir. Vaxtilə ekoloji problemlərlə yadda qalan ərazilərin bu gün müasir yaşayış məkanlarına çevrilməsi dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də tarixi irsin qorunması ilə müasir inkişaf arasında düzgün tarazlığın saxlanılması idi. Həqiqətən də, inkişaf yalnız yeni binaların tikilməsi deyil, milli kimliyin, tariximizin və mədəniyyətimizin yaşadılması deməkdir. Azərbaycanın qədim şəhərlərində aparılan bərpa işləri və yeni memarlıq layihələri məhz bu düşüncəyə əsaslanır.
Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin uğurları ilə qürur duyur. Azərbaycan yalnız iqtisadi və siyasi sahədə deyil, həm də mədəniyyət, şəhərsalma və insan amilinə verilən dəyər baxımından dünyaya nümunə göstərilən dövlətlərdən birinə çevrilmişdir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz bundan sonra da yeni-yeni nailiyyətlər qazanacaq, şəhərlərimiz daha da inkişaf edəcək, tarixi irsimiz qorunacaq və gələcək nəsillərə layiqincə ötürüləcəkdir.
Dərya Əhmədova
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru























