Müasir dünyada İslam dininə və müsəlmanlara qarşı qərəzli münasibətin, islamofobiyanın və dini dəyərlərə hörmətsizliyin müxtəlif formalarda özünü göstərməsi ciddi narahatlıq doğurur. Müsəlman aləminin terror və zorakılıqla eyniləşdirilməsi, İslam haqqında mənfi stereotiplərin yayılması, müqəddəs “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkətlər bu problemin ən bariz nümunələrindəndir. Belə hallar dini dözümlülük, qarşılıqlı hörmət və fərqli inanclara ehtiram prinsiplərinin qorunmasının vacibliyini bir daha göstərir. Azərbaycan Prezidenti İlham Əliyev uzun illərdir islamofobiya, dini ayrı-seçkilik və İslamın terrorla eyniləşdirilməsi məsələlərini beynəlxalq platformalarda ardıcıl şəkildə gündəmə gətirir. Dövlət başçısının mövqeyinin əsas istiqamətlərindən biri ayrı-ayrı radikal qrupların fəaliyyətinin bütövlükdə İslam dini ilə əlaqələndirilməsinin yolverilməzliyini diqqətə çatdırmaqdır. Terrorizm konkret qrupların və şəxslərin cinayət fəaliyyətidir və onun bütöv bir dinlə əlaqələndirilməsi milyonlarla müsəlmanın haqsız şəkildə mənfi obrazda təqdim olunmasına gətirib çıxarır. Azərbaycanın bu məsələdə mövqeyi yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Ölkədə həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin dövlət siyasətində mühüm yer tutduğunu göstərir. Müxtəlif dini konfessiyaların nümayəndələrinin birgə yaşaması, məscid, kilsə və sinaqoqların fəaliyyət göstərməsi və dini-mədəni irsin qorunması bu siyasətin praktiki ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam dünyasının dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması və müxtəlif sivilizasiyalar arasında dialoqun inkişafı istiqamətində də mühüm təşəbbüslər həyata keçirir. Bakıda keçirilən beynəlxalq tədbirlər müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirərək qarşılıqlı anlaşma üçün imkan yaradır. Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olması isə ölkəyə fərqli beynəlxalq platformalarda İslam dünyasının qarşılaşdığı problemləri gündəmə gətirmək və dialoqa töhfə vermək imkanı verir. İslamofobiyanın digər mühüm təzahürü müsəlmanların müqəddəs dəyərlərinə hörmətsizlikdir. “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkətlər müsəlman dünyasında ciddi narazılıq yaradır. Dini etiqad azadlığı ilə yanaşı, insanların müqəddəs hesab etdiyi dəyərlərə hörmət də sivil cəmiyyətlərin əsas prinsiplərindən biri olmalıdır. Azərbaycan bu məsələdə qarşıdurmanı deyil, dialoqu, qarşılıqlı hörməti və dinlərarası anlaşmanı dəstəkləyir. Prezident İlham Əliyevin siyasətində İslam dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi də xüsusi yer tutur. Müsəlman ölkələri arasında mövcud fikir ayrılıqlarının qarşıdurmaya çevrilməməsi, problemlərin dialoq yolu ilə həll edilməsi və ümumi maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi vacibdir. Bu istiqamətdə din xadimlərinin də rolu böyükdür. Onların sülh, mərhəmət, tolerantlıq və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməsi, dini maarifləndirməyə diqqət yetirməsi xüsusilə gənclərin radikal ideologiyaların təsirindən qorunmasına xidmət edə bilər. Azərbaycanın siyasətinin mühüm xüsusiyyəti milli-mənəvi dəyərlərin qorunması ilə beynəlxalq əməkdaşlığın və dialoqun paralel şəkildə inkişaf etdirilməsidir. Ölkəmiz öz milli və dini kimliyinə sadiq qalmaqla yanaşı, digər dinlərə və mədəniyyətlərə hörmət göstərir. Bu yanaşma Azərbaycanın İslam dünyası ilə digər sivilizasiyalar arasında dialoqun inkişafında fəal rol oynamasına imkan verir. Islamofobiyaya qarşı mübarizədə ən mühüm amillərdən biri birlik və həmrəylikdir. Bu birlik digər dinlərə və xalqlara qarşı qarşıdurma deyil, qarşılıqlı hörmət və dialoq prinsipləri üzərində qurulmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasət İslam dünyasının maraqlarının beynəlxalq platformalarda müdafiəsini, milli-mənəvi dəyərlərin qorunmasını, İslamın dünyada düzgün tanıdılmasını və dinlərarası dialoqun gücləndirilməsini özündə birləşdirir. Azərbaycanın ardıcıl mövqeyi ondan ibarətdir ki, İslam terrorla eyniləşdirilməməli, müsəlmanların dini dəyərlərinə hörmət edilməli, dini ayrı-seçkiliyə qarşı mübarizə aparılmalı və müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma möhkəmləndirilməlidir. Bu siyasət Azərbaycanın milli-mənəvi dəyərlərə sadiqliyini, eyni zamanda beynəlxalq müstəvidə sülh, tolerantlıq və dialoqa verdiyi önəmi nümayiş etdirir.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov






















