image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1714546014694948186_1200x630

Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik

image-legitimaz-810x90

Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik.

 

Azərbaycan bu gün özünün hərtərəfli inkişafı, möhkəm dövlətçilik ənənələri, artan beynəlxalq nüfuzu və milli maraqlara əsaslanan müstəqil siyasəti ilə regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini gücləndirir. Ölkəmizin əldə etdiyi nailiyyətlərin təməlində siyasi sabitlik, iqtisadi qüdrət, xalq-iqtidar birliyi və tarixi ədalətin bərpasına yönəlmiş qətiyyətli iradə dayanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın yalnız iqtisadi və sosial tərəqqisinə deyil, həm də milli suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına xidmət edib. Bu gün Azərbaycan öz gələcəyini qalib dövlət, müstəqil siyasət yürüdən ölkə və beynəlxalq hüququn prinsiplərinə istinad edən dövlət kimi qurur.

Xalqımızın müasir tarixində ən mühüm mərhələlərdən biri uzun illər davam edən Ermənistan işğalına son qoyulması, torpaqlarımızın azad edilməsi və dövlət suverenliyimizin tam bərpasıdır. Bu tarixi nailiyyət asanlıqla əldə olunmayıb. Onilliklər boyu yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb, xalqımızın fundamental hüquqları pozulub. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarına qayıdacağına, ədalətin bərpa olunacağına və milli ləyaqətinin yenidən ucalacağına inamını itirməyib. Bu inam dövlətimizin gücü, ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi ilə gerçəkliyə çevrilib.

2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun mahiyyətini, işğal dövründə üzləşdiyi ədalətsizlikləri və özünümüdafiə hüququndan irəli gələn qətiyyətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən forumda dövlət başçısının çıxışı bir daha göstərib ki, sülhə, dialoqa və beynəlxalq əməkdaşlığa çağırışlar real nəticələrlə, hüquqa hörmətlə və xalqların suverenliyinə yanaşmada ikili standartlardan imtina ilə müşayiət olunmalıdır. Cənab Prezident İlham Əliyevin aşağıdakı fikirləri Azərbaycan xalqının onilliklər boyu yaşadığı ağrıların, mübarizəsinin və tarixi qələbəsinin siyasi-hüquqi mahiyyətini ifadə edir: “Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik. Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik.”

Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışıb, danışıqlar prosesində iştirak edib və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların həyata keçirilməsinə ümid bəsləyib. Lakin kağız üzərində qalan qətnamələr, nəticəsiz danışıqlar və uzanan işğal xalqımızın hüquqlarının bərpasını gecikdirib. Nəhayət, Azərbaycan beynəlxalq hüquqla tanınan özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atıb. Azərbaycanın qələbəsi dövlətimizin gücünü nümayiş etdirməklə yanaşı, beynəlxalq hüququn prinsiplərinin ardıcıl və ədalətli tətbiqinin nə qədər vacib olduğunu da göstərdi. Çünki suverenlik və ərazi bütövlüyü yalnız sənədlərdə təsbit edilən anlayışlar deyil, hər bir dövlətin təhlükəsizliyinin, xalqın azadlığının və milli ləyaqətinin əsas təminatlarıdır. Bu prinsiplərin bir ölkəyə münasibətdə müdafiə olunub, digərinə münasibətdə arxa plana keçirilməsi isə beynəlxalq hüquqa inamı zəiflədir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gələcəyə baxışını əks etdirir. Yenidən salınan şəhərlər, kəndlər, yaradılan infrastruktur, doğma yurda qayıdan ailələr xalqımızın qələbəsinin real nəticələridir. Azərbaycan dağıntıların yerində həyat qurur, məcburi köçkünlük ağrısını doğma torpağa qayıdış sevinci ilə əvəz edir. Bu proses təkcə fiziki bərpa deyil, həm də tarixi yaddaşın, milli-mənəvi irsin və insan ləyaqətinin bərpasıdır.

Azərbaycan xalqı artıq işğalın yaratdığı reallıqlarla barışmağa məhkum deyil. Bu gün ölkəmiz öz taleyini özü müəyyənləşdirən, ərazi bütövlüyünü təmin edən və gələcəyini quruculuqla möhkəmləndirən qalib dövlətdir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki