Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik
2026- cı ilin Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirildi. Dövlətimizin başçısı cənab İlham Əliyevin tədbirdə videobağlantı formatında çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Prezident cənab İlham Əliyevin bir il öncə Tiranaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına dəstəyi, tarazlı yanaşmanın saxlanılması üçün növbəti tədbirlərdən birinin Azərbaycanda keçirilməsi təklifi və bunun qəbul edilməsi regionda dayanıqlı sülhün, təhlükəsizliyin diplomatik addımlarla möhkəmləndiyini bir daha təsdiqləyir. Ermənistan da “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Cənab Prezidentin qeyd etdiyi kimi, bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.
Cənab Prezident Azərbaycanın sülh təcrübəsini bütün platformalardan dünyaya çatdırır: “Azərbaycan 44 günlük şanlı Qələbəmizdən sonra regionda dayanıqlı inkişafın, sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi və onun reallığa çevrilməsi istiqamətində səylərini artırdı. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Cənab Prezidentimizin və Ermənistanın baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzaladılar. ABŞ Prezidenti Donald Tramp şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Sülhün əldə olunması əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. Cənab Prezident çıxışında bu statistik rəqəmlərə diqqəti yönəltdi ki, indiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan, hətta, əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı – benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı Naxçıvanla birləşdirəcək: “Ermənistan və Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Azərbaycan sülh gündəliyinə sadiqliyini hər bir addımında təsdiqləyir. Ölkəmizin dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə dəstəklənir.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

























