“Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”
İslam həmrəyliyi yalnız eyni dini dəyərləri bölüşən insanların birliyi deyil. O, həm də qarşılıqlı hörmət, əməkdaşlıq, sülh, humanizm, mərhəmət və həmrəylik üzərində qurulan mənəvi birliyə çağırışdır. Bu baxımdan Azərbaycan Prezidentinin “Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək” fikri İslam həmrəyliyinə münasibətin əsas istiqamətlərindən birini ifadə edir. Bu fikir 15 sentyabr 2026-cı ildə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları ilə keçirilən görüşdə səsləndirilib. Görüşdə İslam dünyasında həmrəyliyin, sülhün, əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İslam həmrəyliyi anlayışının əsas mahiyyəti müxtəlif ölkələrdə və cəmiyyətlərdə yaşayan müsəlmanlar arasında ortaq dəyərlər ətrafında əməkdaşlığın möhkəmləndirilməsidir. Bu həmrəylik yalnız sözlərlə ifadə olunan bir anlayış olaraq qalmamalı, elm, mədəniyyət, təhsil, humanitar əlaqələr və digər sahələrdə konkret əməkdaşlıqla müşayiət olunmalıdır. Azərbaycanın son illərdə keçirdiyi beynəlxalq tədbirlər bu yanaşmanın müxtəlif nümunələrini ortaya qoyur. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif tədbirlərə ev sahibliyi edib. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisələrdən biri kimi təqdim olunub. Prezident İlham Əliyev həmin Oyunların yalnız idman yarışı deyil, həm də birlik və həmrəylik tədbiri kimi qəbul edildiyini bildirib. İslam həmrəyliyinin gücləndirilməsində mədəniyyət və elm xüsusi rol oynayır. Çünki xalqları birləşdirən yalnız siyasi və iqtisadi maraqlar deyil, onların ortaq mənəvi və mədəni dəyərləridir. Tarix boyu İslam dünyasında elmə, fəlsəfəyə, ədəbiyyata və incəsənətə böyük töhfələr vermiş alim və mütəfəkkirlər yetişib. Onların irsinin öyrənilməsi müxtəlif xalqlar arasında ortaq mənəvi bağların daha dərindən dərk edilməsinə imkan yaradır. Bakıda keçirilən Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransı da bu baxımdan diqqətəlayiqdir. XV əsrdə yaşamış böyük Azərbaycan mütəfəkkirinin irsinin beynəlxalq elmi müstəvidə müzakirə edilməsi Azərbaycanın İslam dünyasının elmi və mənəvi irsinə verdiyi töhfələrin tanıdılması baxımından əhəmiyyətlidir. İslam həmrəyliyinin mühüm dayaqlarından biri də dini liderlər arasında dialoqdur. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının toplantısı müxtəlif ölkələrin dini rəhbərlərinin fikir mübadiləsi aparmasına şərait yaradır. Belə görüşlər dini məsələlərlə yanaşı, sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və sosial məsuliyyət kimi ümumbəşəri mövzuların müzakirəsinə də imkan verir. Müasir dünyada dini və mədəni müxtəlifliyin mövcud olduğu bir şəraitdə dialoqun əhəmiyyəti daha da artır. Dini liderlərin sülhə, qarşılıqlı anlaşmaya və barışığa çağırışları cəmiyyətlərdə müsbət münasibətlərin formalaşmasına xidmət edə bilər. Prezident İlham Əliyev də görüş zamanı dini liderlərin sözlərinin sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa istiqamətlənməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın bu istiqamətdəki fəaliyyətində tolerantlıq və müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət də mühüm yer tutur. Ölkənin tarixi təcrübəsində müxtəlif dini icmaların birgə yaşaması və qarşılıqlı münasibətləri xüsusi əhəmiyyət daşıyır. Bu təcrübənin beynəlxalq müstəvidə təqdim edilməsi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verə bilər. İslam həmrəyliyi eyni zamanda müsəlman ölkələri arasında humanitar əlaqələrin genişləndirilməsini də nəzərdə tutur.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım






















