Bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış oldular. Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət “Chapman Taylor” tərəfindən hazırlanıb. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni Baş Planı onun perspektivdə məkan inkişafının vahid strateji baxışını müəyyən edir. Konsepsiya şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb. Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək, Naxçıvançay boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq, burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Nəticədə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması nəzərdə tutulur. Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat həllərinin tətbiqini dəstəkləyən konsepsiyaya əsasən, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometr, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometr təşkil edəcək. Bu, ümumi küçə-yol şəbəkəsinin 65 faizdən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir. Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq. Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.
Səfəri zamanı sosial evlər kompleksinin təməlinin qoyulması sosial siyasətin davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. 518 mənzildən ibarət kompleksin yaradılması əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Yeni iş yerlərinin açılması, sosial xidmətin səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasındadır. Səfər zamanı Naxçıvan Regional DOST Mərkəzinin açılışı, həmçinin Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da bunun bariz nümunəsidir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bu gün Dövlət Proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc






















