Bir günlük antiterror əməliyyatı və suverenliyimizin tam bərpası
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatlar və terror xarakterli hücumlar həyata keçirildi. Bu təxribatlar nəticəsində Azərbaycan vətəndaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları həlak oldu, ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yarandı. Mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan dövləti öz suveren hüquqlarından istifadə edərək bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamaq məcburiyyətində qaldı.
Antiterror tədbirlərinin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək, terror təxribatlarının qarşısını almaq və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək idi. Azərbaycan Ordusu əməliyyat zamanı yüksək peşəkarlıq, dəqiqlik və müasir hərbi texnologiyalardan istifadə bacarığı nümayiş etdirdi. Hərbi əməliyyatlar yalnız legitim hərbi hədəflərə qarşı həyata keçirildi, mülki əhalinin təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirildi.
Əməliyyat çərçivəsində qanunsuz silahlı dəstələrin ön xəttdə və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, hərbi texnikaları, silah-sursat anbarları və digər hərbi obyektləri yüksək dəqiqlikli silahlarla sıradan çıxarıldı. Azərbaycan Ordusunun qətiyyətli və peşəkar fəaliyyəti nəticəsində separatçı qüvvələrin müqaviməti qısa müddətdə qırıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat zamanı qarşı tərəf ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu.
2023-cü il sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti və Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən tam atəşkəs elan edildi. Razılaşmaya uyğun olaraq qanunsuz silahlı birləşmələrin tərksilah olunması, silah və hərbi texnikanın təhvil verilməsi, həmçinin separatçı qurumun fəaliyyətinin dayandırılması prosesi başladı. Bununla da Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün ərazisində tam şəkildə təmin olundu.
Bir günlük antiterror əməliyyatı Azərbaycanın hərbi qüdrətini, dövlət iradəsini və milli birliyini bir daha nümayiş etdirdi. Bu əməliyyat nəticəsində ölkəmizin konstitusion quruluşu bərpa edildi, separatizmə son qoyuldu və dövlət suverenliyi tam şəkildə təmin edildi. Beləliklə, Azərbaycan xalqı uzun illər davam edən münaqişənin nəticələrini aradan qaldıraraq öz torpaqları üzərində tam hakimiyyətini bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri müasir Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi qiymətləndirilir.
Zərdab rayonu Otmanoba kənd sakini Bünyatov Mənaf




















