Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.
Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas dövlətlərindən biridir. Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir. Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz də xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.Prezident cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarında bu məsələlər ətrafında fikirlərini bildirdilər. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, səfər zamanı imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə xidmət edəcək. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Almaniya artıq strateji dialoqun başlanmasına nail olublar və bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. İqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı imzalanmış Birgə Bəyannamə isə ticarət, investisiya, sənaye, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın daha da intensivləşməsi üçün mühüm hüquqi və siyasi baza yaradır.Azərbaycan ilə Almaniya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf edir. Almaniya Azərbaycanın Avropa İttifaqı daxilində əsas tərəfdaşlarından biri olmaqla yanaşı, Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri kimi Cənubi Qafqaz regionunda da mühüm rol oynayır. Bu baxımdan Bakı ilə Berlin arasında əməkdaşlığın genişlənməsi yalnız ikitərəfli münasibətlərə deyil, həm də regionda iqtisadi inteqrasiyanın, sabitliyin və sülhün möhkəmlənməsinə töhfə verə bilər. İqtisadi əməkdaşlıq Azərbaycan-Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Hazırda 200-dən artıq Almaniya şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Onların enerji, sənaye, tikinti, logistika, mühəndislik, kənd təsərrüfatı, informasiya texnologiyaları və xidmət sektorunda həyata keçirdikləri layihələr ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, rəsmi səfər çərçivəsində Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb. Bu isə yaxın illərdə yeni investisiyaların cəlb olunmasına, müasir texnologiyaların transferinə və yeni iş yerlərinin yaradılmasına əlverişli şərait formalaşdıracaq. Enerji sektoru Azərbaycan–Almaniya əməkdaşlığının strateji istiqamətlərindən biri olaraq xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2026-cı ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Səfər zamanı verilən mesajlar göstərir ki, tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsinə də xüsusi önəm verirlər. Rəqəmsal transformasiya, sənaye innovasiyaları, peşə təhsili, logistika, nəqliyyat dəhlizləri və ekoloji texnologiyalar gələcək əməkdaşlığın perspektivli istiqamətləri kimi qiymətləndirilir.
Zərdab rayon ağsaqqallar şursının sədri-Rasim Hüseynov.






















