Bərpaolunan enerji prioritetə çevrilir
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanatda Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın yeni istiqamətlərindən biri kimi bərpaolunan enerji sahəsini xüsusi vurğulayıb. Dövlət başçısının sözlərinə görə, tərəflər ölkəmizin zəngin Günəş, külək və su elektrik enerjisi potensialını, eləcə də mövcud və gələcək enerji ötürücü xətlərinin imkanlarını ətraflı müzakirə ediblər.
Prezident bildirib ki, Azərbaycan bu sahədə Avropa Komissiyası üçün strateji tərəfdaş rolunu daha da gücləndirməyə hazırdır. Onun qeyd etdiyi kimi, ölkənin bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr həm daxili enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də Avropanın artan təmiz enerji tələbatının qarşılanmasına mühüm töhfə verəcək.
İlham Əliyev Ursula Fon der Lyayenə məlumat verib ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr əsasında növbəti beş-altı il ərzində Azərbaycanda ümumilikdə səkkiz giqavat gücündə Günəş və külək elektrik enerjisi istehsal etmək mümkün olacaq. Prezident vurğulayıb ki, bu rəqəm yalnız artıq imzalanmış müqavilələri əhatə edir və həmin layihələrin həyata keçirilməsi müqavilə öhdəliyi daşıyır. Dövlət başçısının fikrincə, gələcəkdə bu göstəricinin daha da artacağı gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın bərpaolunan enerji sahəsində reallaşdırdığı layihələr ölkənin enerji ixracında yeni imkanlar yaradacaq. Xüsusilə yaşıl enerjinin istehsalı və ixracı Avropa ilə enerji əməkdaşlığını daha da genişləndirərək Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini gücləndirəcək.
Son illərdə ölkədə yaşıl enerji strategiyasının uğurla həyata keçirilməsi, xarici investorların bu sahəyə artan marağı və beynəlxalq tərəfdaşlarla imzalanan iri həcmli sazişlər Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını qoyur. Prezident İlham Əliyevin bəyanatı da göstərir ki, bərpaolunan enerji yaxın illərdə Azərbaycan–Avropa Komissiyası münasibətlərinin əsas istiqamətlərindən biri olacaq və tərəflər arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini






















