image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, dünyanın urbanizasiya gündəliyinə töhfə verən ölkələrdən biridir

image-legitimaz-810x90

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, dünyanın urbanizasiya gündəliyinə töhfə verən ölkələrdən biridir

 

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yalnız urbanizasiya problemlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf və müasir şəhərsalma modelinin nümayişidir. Forum çərçivəsində səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan bu gün regional lider olmaqla yanaşı, qlobal urbanizasiya siyasətində də fəal iştirak edən dövlətlərdən biridir.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Bakının artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi qlobal mərkəzə çevrildiyini diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, tədbirdə dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu statistika Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini, Bakının isə beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi mövqeyinin daha da gücləndiyini göstərir.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax da forumun miqyasını yüksək qiymətləndirərək bildirib ki, indiyədək keçirilən forumlar arasında bu qədər geniş və müxtəlif beynəlxalq auditoriyanı bir araya gətirən tədbir olmayıb. Bu yanaşma Bakının artıq qlobal müzakirələrin aparıldığı mühüm ünvanlardan birinə çevrildiyini təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın şəhərsalma siyasətinin əsas prinsiplərinə də toxundu. Dövlət başçısı vurğuladı ki, Bakıda qədim memarlıq irsi ilə müasir şəhərsalma arasında təbii harmoniya mövcuddur. Əslində bu fikir Azərbaycanın inkişaf modelinin mahiyyətini ifadə edir. Son illərdə paytaxtda həyata keçirilən geniş abadlıq, infrastruktur və yenidənqurma layihələri sübut edir ki, ölkəmiz modernləşmə prosesini milli-mədəni irsin qorunması ilə paralel şəkildə həyata keçirir.

Müasir dövrdə sürətli urbanizasiya bir sıra ölkələrdə tarixi irsin itirilməsi ilə nəticələnsə də, Azərbaycan fərqli yanaşma nümayiş etdirir. Burada şəhərsalma yalnız yeni binaların və yolların tikilməsi deyil, həm də milli yaddaşın, tarixi kimliyin və mədəni dəyərlərin qorunması deməkdir. Bu siyasət ölkənin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.

Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev qeyd etdi ki, işğal dövründə Ağdam şəhəri tamamilə dağıdılmış və beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmışdı. Bu ifadə Ermənistanın işğal siyasətinin doğurduğu ağır nəticələrin və dağıntının miqyasının beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısının səsləndirdiyi faktlar Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq siyasətinin miqyasını da nümayiş etdirir. Qısa müddət ərzində yüzlərlə kilometr yolun çəkilməsi, tunellərin və körpülərin inşası, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yeni yaşayış məntəqələrinin, məktəblərin və sosial obyektlərin tikilməsi ölkənin güclü iqtisadi potensialının və siyasi iradəsinin göstəricisidir.

Bu gün Azərbaycan öz tarixini və milli dəyərlərini qorumaqla yanaşı, müasir və dayanıqlı dövlət quruculuğu modelini inkişaf etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri gələcəyin urbanizasiya konsepsiyasına uyğun yeni inkişaf nümunəsi formalaşdırır. Bu yanaşma həm ekoloji dayanıqlılığı, həm sosial rifahı, həm də müasir texnologiyaların tətbiqini özündə birləşdirir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki