Bakıda həyata keçirilən şəhərsalma layihələri də ölkənin urbanizasiya siyasətinin əsas istiqamətlərindən biridir
Müasir dövrdə urbanizasiya dünyada sosial-iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilmişdir. Şəhərlərin sürətli böyüməsi, əhali artımı, iqlim dəyişiklikləri, yaşayış sahələrinin genişləndirilməsi və dayanıqlı infrastrukturun qurulması bütün dövlətləri yeni çağırışlarla üz-üzə qoyur. Belə bir şəraitdə urbanizasiya siyasəti yalnız şəhərsalma məsələsi deyil, həm də iqtisadi inkişaf, sosial rifah, ekoloji təhlükəsizlik və milli təhlükəsizlik məsələsinə çevrilmişdir. Azərbaycan isə son illərdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qlobal urbanizasiya gündəliyində fəal iştirak edən ölkələrdən biri kimi diqqəti cəlb edir.
Bu gün Azərbaycan beynəlxalq urbanizasiya platformalarında aktiv mövqeyi, müasir şəhərsalma layihələri, dayanıqlı inkişaf strategiyası və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi ilə regionda nümunəvi model formalaşdırır. Xüsusilə də paytaxt Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin şəhərsalma sahəsində qazandığı uğurların dünya miqyasında qəbul olunduğunu göstərir.
2026-cı ildə Bakıda keçirilən BMT-nin Məskunlaşma Proqramının – UN-Habitat təşkil etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın qlobal urbanizasiya proseslərində artan rolunun ən mühüm göstəricilərindən biridir. Forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” kimi müəyyən edilmişdir. Bu beynəlxalq tədbir urbanizasiya, mənzil təminatı, iqlim dəyişiklikləri, dayanıqlı şəhərlər və sosial inklüzivlik kimi məsələlərin müzakirəsi üçün dünyanın ən nüfuzlu platformalarından hesab olunur.
Bakının WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil. Bu qərar Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin, etibarlı tərəfdaş kimi qazandığı nüfuzun və dayanıqlı şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin yüksək qiymətləndirilməsinin nəticəsidir. Prezident İlham Əliyev də qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etimad qazandığının göstəricisidir.
Ağalı kəndi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada tətbiq edilən müasir idarəetmə və yaşayış modeli kənd urbanizasiyasının yeni nümunəsi hesab edilir. İnfrastrukturun tam rəqəmsallaşdırılması, alternativ enerji mənbələrinin tətbiqi və sosial xidmətlərin müasir formada təşkili Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm hissəsidir.
Bakıda həyata keçirilən şəhərsalma layihələri də ölkənin urbanizasiya siyasətinin əsas istiqamətlərindən biridir. Yeni parkların salınması, nəqliyyat infrastrukturunun yenilənməsi, metro və yol layihələrinin genişləndirilməsi, yaşıllıq zonalarının artırılması, ekoloji layihələrin icrası şəhərin daha dayanıqlı və rahat yaşayış məkanına çevrilməsinə xidmət edir. Eyni zamanda, COP29 və WUF13 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi şəhərin qlobal platformalarda mövqeyini daha da gücləndirir.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

























