Azərbaycanın yeni sənaye mərhələsi: dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatına yeni imkanlar açır
Azərbaycan iqtisadiyyatının qarşısında dayanan mühüm vəzifələrdən biri ölkənin təbii resurslarından səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək, yeni sənaye sahələri yaratmaq, məşğulluğu artırmaq və milli iqtisadiyyatın dayanıqlılığını möhkəmləndirməkdir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də məhz bu strateji istiqamətin qarşıdakı illərdə ölkənin iqtisadi inkişaf gündəliyində mühüm yer tutacağını göstərir. Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycanda müasir, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan yeni sənaye istiqamətinin formalaşdırılmasıdır. Dağ-mədən sənayesi yalnız yerin altından təbii sərvətlərin çıxarılması ilə məhdudlaşan sahə deyil. Bu istiqamət geoloji kəşfiyyatdan başlayaraq filizin hasilatı, zənginləşdirilməsi, emalı, metallurgiya məhsullarının istehsalı və son məhsulun daxili və xarici bazarlara çıxarılmasına qədər uzanan böyük istehsal zəncirini özündə birləşdirir. Belə yanaşma ölkənin təbii sərvətlərinin daha yüksək iqtisadi dəyərə çevrilməsinə, yeni texnologiyaların tətbiqinə, sənaye potensialının genişlənməsinə və əlavə gəlir mənbələrinin formalaşmasına imkan verə bilər. Qarşıya qoyulan hədəflərin əhəmiyyətini göstərən mühüm məqamlardan biri də yeni iş yerlərinin yaradılmasıdır. Dövlət Proqramının icrası nəticəsində beş mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur. Bu göstərici xüsusilə regionların sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir. Çünki sənaye müəssisələrinin bölgələrdə yaradılması yalnız həmin müəssisələrdə çalışan insanların gəlirlərinin artmasına deyil, eyni zamanda xidmət, logistika, nəqliyyat, tikinti, təhsil və digər əlaqəli sahələrin inkişafına da şərait yaradır. Beləliklə, bir sənaye layihəsinin təsiri onun fəaliyyət göstərdiyi müəssisənin sərhədlərindən kənara çıxaraq bütövlükdə regionun iqtisadi həyatına təsir göstərə bilər. Azərbaycanın son iyirmi ildən artıq dövrdə həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri ölkənin möhkəm infrastruktur bazasının yaradılması olub. Müasir yolların, elektrik stansiyalarının, qaz və su xətlərinin, dəmir yollarının, hava limanlarının, məktəblərin və xəstəxanaların inşası ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar formalaşdırıb. Bu gün yeni sənaye layihələrinin həyata keçirilməsi üçün zəruri olan infrastrukturun mövcudluğu həmin layihələrin reallaşdırılmasını asanlaşdıran əsas amillərdəndir. Azərbaycanın enerji sahəsində əldə etdiyi nəticələr də ölkənin sənaye potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkədə qazlaşma səviyyəsinin yüksək həddə çatdırılması, elektrik enerjisi istehsalında yaradılmış potensial və enerji ixracının genişləndirilməsi Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu imkanlar sənayenin enerji təminatının dayanıqlılığı üçün də mühüm baza yaradır. Xüsusilə enerji tutumlu sahələrdən biri olan metallurgiyanın inkişafında enerji təminatı mühüm amillərdən biridir. Qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi siyasətində getdikcə daha böyük əhəmiyyət qazanır. Təbii neft hasilatının yataqların istismar müddəti ilə əlaqədar müəyyən dəyişikliklərə məruz qalması fonunda iqtisadi artımın digər sahələr hesabına təmin edilməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan qeyri-neft sənayesində artımın əldə olunması diqqətçəkən göstəricidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı isə qeyri-neft sektorunun yeni mərhələyə keçməsinə, ixracyönümlü məhsulların çeşidinin artırılmasına və iqtisadiyyatın daha çoxşaxəli strukturunun formalaşmasına xidmət edə bilər. Azərbaycanın zəngin təbii sərvət potensialı da bu istiqamətin inkişafı üçün mühüm əsas yaradır. Ölkənin müxtəlif bölgələrində qızıl, mis, molibden, dəmir filizi və digər faydalı qazıntı yataqlarının mövcudluğu məlumdur. Lakin bu yataqların hamısının ehtiyatları müasir geoloji üsullarla tam şəkildə qiymətləndirilməyib. Xüsusilə sovet dövründə aparılmış geoloji tədqiqatların nəticələrinin artıq uzun müddət əvvəl formalaşması yeni texnologiyalar əsasında yenidən qiymətləndirmə aparılmasını zəruri edir. Müasir geoloji kəşfiyyat texnologiyalarının tətbiqi yeraltı sərvətlərin ehtiyatlarının daha dəqiq müəyyənləşdirilməsinə və iqtisadi baxımdan perspektivli yataqların aşkar edilməsinə imkan verə bilər. İşğaldan azad edilmiş ərazilər bu baxımdan xüsusi potensiala malikdir. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi həmin ərazilərin iqtisadi dirçəlişinə əlavə təkan verə bilər. Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız yolların, yaşayış məntəqələrinin və sosial obyektlərin qurulması ilə məhdudlaşmır. Bu ərazilərin iqtisadi potensialının üzə çıxarılması, insanların davamlı məşğulluğunun təmin edilməsi və burada istehsal müəssisələrinin yaradılması qayıdış prosesinin uzunmüddətli və dayanıqlı xarakter daşıması baxımından da əhəmiyyətlidir. İşğal illərində həmin ərazilərin təbii sərvətlərinə və meşə fonduna vurulmuş zərər isə Azərbaycanın qarşısında yalnız iqtisadi deyil, həm də ekoloji vəzifələr qoyur. Təbii sərvətlərin istismarı zamanı ətraf mühitin qorunması, meşələrin, su ehtiyatlarının, torpaqların və biomüxtəlifliyin mühafizəsi əsas şərtlərdən biri olmalıdır. Məhz bu baxımdan dağ-mədən sənayesinin inkişafı ilə ekoloji təhlükəsizlik arasında düzgün tarazlığın yaradılması xüsusi əhəmiyyət daşıyır. Təbii sərvətlər iqtisadi inkişaf üçün mühüm imkanlar yaratsa da, təbiətin özü daha böyük və uzunmüddətli sərvətdir. Faydalı qazıntılar müəyyən müddət ərzində hasil edilərək tükənə bilər, lakin sağlam ekosistemlərin qorunması gələcək nəsillər üçün əvəzsiz əhəmiyyət daşıyır. Buna görə yeni mədən və emal layihələrinin həyata keçirilməsi zamanı ekoloji ekspertizanın yüksək standartlarla aparılması, müasir texnologiyalardan istifadə edilməsi, tullantıların idarə olunması və istehsal proseslərinin ətraf mühitə təsirinin minimuma endirilməsi mühüm şərtdir. Bu yanaşma həm dövlət, həm yerli, həm də xarici investorlar üçün aydın və prinsipial tələb kimi ortaya qoyulur. Dağ-mədən sənayesinin inkişafında dövlətlə yanaşı özəl sektorun və xarici investorların iştirakı da mühüm rol oynaya bilər. Bu sahə böyük maliyyə və texnoloji resurslar tələb edir. Geoloji kəşfiyyat, yataqların işlənməsi, zənginləşdirmə müəssisələrinin qurulması və metallurgiya zavodlarının yaradılması uzunmüddətli investisiyalar tələb edən proseslərdir. Buna görə dövlətin strateji istiqamətləri müəyyən etməsi və əsas infrastrukturun yaradılması ilə yanaşı, özəl investisiyalar üçün də imkanların genişləndirilməsi sənayenin sürətli inkişafına şərait yarada bilər. Burada mühüm məsələlərdən biri də təbii sərvətlərin xammal şəklində ixrac edilməsinin qarşısının alınması və mümkün qədər yüksək əlavə dəyər yaradan məhsulların istehsalına üstünlük verilməsidir. Filizin hasil edilərək xammal kimi xarici bazara çıxarılması ilə onun ölkə daxilində zənginləşdirilməsi və emal edilərək son məhsula çevrilməsi arasında iqtisadi baxımdan ciddi fərq vardır. İkinci model daha çox istehsal müəssisəsinin yaradılmasına, daha çox iş yerinin açılmasına, texnologiyaların ölkəyə gətirilməsinə, mütəxəssislərin hazırlanmasına və dövlət büdcəsinə daha böyük gəlirlərin daxil olmasına imkan yaradır. Buna görə istehsal zəncirinin tam şəkildə ölkə daxilində qurulması dağ-mədən və metallurgiya siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir.
- Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov























