Azərbaycanın yeni regional strategiyası
İlham Əliyev tərəfindən Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın postmünaqişə mərhələsində müəyyən etdiyi yeni siyasi kursun mahiyyətini aydın şəkildə nümayiş etdirir. Bu çıxış yalnız siyasi bəyanat deyil, həm də real nəticələrə əsaslanan strateji yanaşmanın təqdimatıdır.
Prezidentin vurğuladığı əsas məqamlardan biri sülh prosesinin artıq konkret nəticələrlə müşayiət olunmasıdır. “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri regionda formalaşan yeni reallığın göstəricisidir. Ermənistanla iqtisadi əlaqələrin mərhələli şəkildə bərpası, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və qısa müddətdə minlərlə ton yük və yanacaq daşımalarının həyata keçirilməsi Azərbaycanın sülhə praqmatik yanaşmasının sübutudur. Bu, sülhün yalnız siyasi deyil, həm də iqtisadi əsaslar üzərində qurulduğunu göstərir.
Çıxışda xüsusi diqqət çəkən məsələlərdən biri də “TRIPP marşrutu” təşəbbüsüdür. Bu layihə təkcə nəqliyyat xətti deyil, həm də regionun geosiyasi xəritəsini dəyişdirə biləcək strateji platformadır. Uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bu təşəbbüs sayəsində yeni imkanlar əldə edir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa bağlantısının təmin olunması, onun beynəlxalq ticarət marşrutlarına inteqrasiyası və logistika mərkəzinə çevrilməsi ölkənin geoiqtisadi mövqeyini daha da gücləndirir.
Prezident çıxışında Avropa institutlarının Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlara da toxunub. Avropa Parlamenti tərəfindən qısa müddət ərzində qəbul edilmiş çoxsaylı qətnamələr rəsmi Bakı tərəfindən qərəzli yanaşma kimi qiymətləndirilir. Bunun fonunda Azərbaycanın BMT qətnamələrini faktiki olaraq özü icra etməsi beynəlxalq hüquqa sadiqliyinin göstəricisi kimi təqdim olunur. Azərbaycan artıq yalnız regional aktor deyil. Volodimir Zelenski və Ciorcia Meloni kimi liderlərin Bakıya səfərləri ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də siyasi dialoq baxımından qlobal tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın sülhə əsaslanan, iqtisadi əməkdaşlığı prioritet sayan və prinsipial xarici siyasət yürüdən dövlət kimi formalaşdığını nümayiş etdirir. Bu siyasət regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən birinə çevrilib.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru























