image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1782924847333867784_1200x630

Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır

image-legitimaz-810x90

Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş tərəflər arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısının görüşdən sonra verdiyi bəyanat təsdiqləyir ki, Avropa Komissiyası ilə münasibətlər artıq yalnız enerji əməkdaşlığı çərçivəsində deyil, siyasi dialoq, iqtisadi inteqrasiya, yaşıl enerji, beynəlxalq nəqliyyat marşrutları və regional təhlükəsizlik kimi geniş spektri əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji və ərzaq təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional sabitliyin beynəlxalq gündəliyin əsas mövzularına çevrildiyi bir dövrdə bu görüş xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin bəyanatında enerji təhlükəsizliyi əsas prioritetlərdən biri kimi təqdim olunub. 4 il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu konkret nəticələr verib və Avropaya təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ixrac olunan təbii qazın yarısı Avropa bazarına yönəldilir və Avropa İttifaqının 10 üzv dövləti bu enerjidən istifadə edir. Enerji əməkdaşlığı təkcə iqtisadi layihə deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Bu gün hər ölkə üçün enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ən mühüm amilinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın böyük dərəcədə siyasi səylər qoyduğunu, diplomatik fəaliyyət apardığını və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırdığını bildirib. Enerji əməkdaşlığının ən mühüm nəticələrindən biri Cənub Qaz Dəhlizidir. Prezident İlham Əliyev bu layihəni ümumi fəaliyyətin gözəl nümunəsi kimi dəyərləndirib. 3500 kilometrlik boru kəməri sistemi Xəzər qazını Avropa bazarına təhlükəsiz şəkildə çatdırmaqla yanaşı, enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. Bu layihə həm də uzunmüddətli tərəfdaşlığın, qarşılıqlı etimadın və birgə məsuliyyətin nümunəsi kimi çıxış edir.

Prezident cənab İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına diqqət yetirib. Şərq–Qərb və Şimal–Cənub marşrutlarının üzərində yerləşən Azərbaycan son illərdə genişmiqyaslı nəqliyyat infrastrukturu yaradıb. Dəniz limanlarının modernləşdirilməsi, dəmir yollarının yenilənməsi, avtomobil yollarının tikintisi və logistika mərkəzlərinin yaradılması nəticəsində tranzit imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu gün ölkə ərazisindən keçən yüklərin həcmi bütün istiqamətlər üzrə artır. Yeni geosiyasi vəziyyət beynəlxalq ticarət marşrutlarının alternativliyini daha da aktuallaşdırdığı üçün bu sahəyə yatırılan investisiyalar gələcək inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Cənab Prezident bəyanatında bərpaolunan enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərinə də toxunub. Günəş və külək enerjisi üzrə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində səkkiz giqavat həcmində yeni enerji istehsalına imkan verəcək. Bu layihələr daxili enerji balansının optimallaşdırılması ilə yanaşı, gələcəkdə yaşıl enerjinin Avropa bazarına ixracı üçün də geniş imkanlar yaradır. Beləliklə, enerji sahəsində tərəfdaşlıq yeni mərhələyə qədəm qoyaraq bərpaolunan enerji istiqamətində də inkişaf edir.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki