Azərbaycanın Qlobal Enerji Təhlükəsizliyinə Töhfəsi
Qlobal miqyasda enerji məsələlərinin strateji əhəmiyyət daşıdığı bir dövrdə Azərbaycan etibarlı tərəfdaş və məsuliyyətli enerji istehsalçısı kimi öz mövqeyini daha da möhkəmləndirir. Ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi bu baxımdan yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyan beynəlxalq platforma kimi çıxış edir.
İyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sektorunun inkişaf yolunu və əldə etdiyi nailiyyətləri ətraflı şəkildə diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, enerji sahəsində qazanılan uğurlar ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və beynəlxalq mövqeyinin güclənməsinə mühüm töhfə verib.
Azərbaycanın enerji strategiyasının əsası 1994-cü ildə qoyulmuşdur. Həmin dövrdə ölkədə hökm sürən mürəkkəb vəziyyətə baxmayaraq, qəbul edilən uzaqgörən qərarlar sonrakı illərdə sürətli inkişaf üçün möhkəm təməl yaratdı. Təbii sərvətlərin səmərəli idarə olunması nəticəsində ölkə iqtisadiyyatı gücləndi, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldıldı və böyük maliyyə ehtiyatları formalaşdırıldı.
Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri enerji təhlükəsizliyinin qlobal təhlükəsizlik sisteminin vacib elementi olması idi. Dövlət başçısı bildirdi ki, enerji resursları dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayır və bu sahədə praqmatik yanaşma vacibdir. Eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi gələcəyin əsas çağırışlarından biri kimi qiymətləndirildi.
Azərbaycan hazırda yalnız enerji ixrac edən ölkə deyil, həm də regionlararası əməkdaşlığın təşəbbüskarıdır. Cənub Qaz Dəhlizi layihəsi bunun ən parlaq nümunəsidir. Bu layihə vasitəsilə Azərbaycan qazı Avropa da daxil olmaqla çoxsaylı ölkələrin enerji təchizatında mühüm yer tutur. Bu əməkdaşlıq modeli qarşılıqlı etimada və uzunmüddətli tərəfdaşlığa əsaslanır.
Ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr də xüsusi diqqət çəkir. Xəzər dənizinin böyük külək enerjisi potensialı, Mərkəzi Asiya ilə enerji əməkdaşlığı və yeni enerji dəhlizlərinin yaradılması Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını təşkil edir. Bu layihələr həm regional inteqrasiyanı gücləndirəcək, həm də qlobal enerji keçidinə töhfə verəcəkdir.
Bakı Enerji Həftəsi bir daha sübut etdi ki, Azərbaycan enerji siyasətində əldə etdiyi uğurları yeni təşəbbüslərlə zənginləşdirərək beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqda davam edir. Milli maraqlara əsaslanan bu siyasət ölkənin davamlı inkişafına və beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


























