Azərbaycanın müasir şəhərsalma sahəsində beynəlxalq nüfuzunun göstəricilərindən biri də 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsidir
Müasir dövrdə şəhərsalma yalnız yeni binaların tikintisi və yolların çəkilməsi ilə məhdudlaşmır. Bu anlayış artıq insanların rahat yaşayışını təmin edən, ekoloji tarazlığı qoruyan, iqtisadi inkişafı sürətləndirən və sosial rifahı gücləndirən strateji idarəetmə modelinə çevrilmişdir. Dünyada urbanizasiya proseslərinin sürətlə artdığı bir zamanda Azərbaycan da müasir şəhərsalma sahəsində mühüm uğurlar əldə edərək beynəlxalq diqqət mərkəzinə çevrilmişdir. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri Azərbaycanın müasir urbanizasiya siyasətinin nümunəvi model olduğunu göstərir.
Bu gün Azərbaycan yalnız regionun deyil, dünyanın da diqqətini cəlb edən şəhərsalma layihələrinə imza atır. Xüsusilə paytaxt Bakı şəhərinin simasının tamamilə yenilənməsi, müasir infrastrukturun qurulması, yaşıllıq zonalarının artırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi və innovativ memarlıq nümunələrinin yaradılması ölkəmizin urbanizasiya sahəsində əldə etdiyi nailiyyətlərin əsas göstəricilərindəndir.
Azərbaycanın müasir şəhərsalma sahəsində beynəlxalq nüfuzunun göstəricilərindən biri də 2026-cı ildə BMT-nin ən nüfuzlu urbanizasiya platformalarından olan 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsidir. Bu forumun Bakıda təşkil olunması ölkəmizin şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiq edir.
Forum çərçivəsində dayanıqlı şəhərlər, yaşıl urbanizasiya, innovativ infrastruktur, insan mərkəzli yaşayış mühiti və ağıllı idarəetmə modelləri kimi vacib məsələlər müzakirə olunacaq. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin iştirak edəcəyi bu mötəbər tədbir Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.
Azərbaycanın şəhərsalma siyasətində ən diqqətçəkən istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr müasir şəhərsalmanın ən qabaqcıl prinsiplərinə əsaslanır. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir, ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadə olunur, rəqəmsal idarəetmə sistemləri qurulur. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi artıq beynəlxalq miqyasda maraq doğuran nümunələrdən birinə çevrilmişdir.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini fəal gənc

























