Azərbaycanın Mərkəzi Asiyada möhkəmlənən mövqeyi və genişlənən əməkdaşlıq
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, iqtisadi imkanlarının genişləndirilməsinə və milli maraqlarının təmin olunmasına xidmət edir. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi də bu siyasətin mühüm nəticələrindəndir. Oktyabrın 8-də Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə cənab Prezidentin çıxışı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirib. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin regionda artan nüfuzunun və regional əməkdaşlığın inkişafına verdiyi töhfələrin bariz göstəricisidir. Bu addım region dövlətləri arasında əlaqələrin daha sistemli inkişafı, ortaq maraqların uzlaşdırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün geniş perspektivlər açır. Azərbaycanın bu formatda iştirakı Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Prezident cənab İlham Əliyevin çıxışında Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. İki ölkə arasında əlaqələr qarşılıqlı maraqlar, mehriban qonşuluq və dostluq prinsipləri əsasında qurulub. Siyasi dialoqun davamlılığı, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. Bu əlaqələrin genişləndirilməsi təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Xəzəryanı regionda sabitliyin və iqtisadi tərəqqinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Dövlət başçısının çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri də nəqliyyat sahəsində əməkdaşlıqdır. Müasir dövrdə nəqliyyat dəhlizləri və logistika marşrutları dövlətlərin iqtisadi inkişafında, beynəlxalq ticarətin genişlənməsində və regional əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Avropa ilə Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyə malik Azərbaycan Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarının inkişafında strateji əhəmiyyət daşıyır. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar, liman infrastrukturu, dəmir və avtomobil yolları Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Bu sahədə əməkdaşlığın gücləndirilməsi yükdaşımaların səmərəliliyinin artırılmasına, tranzit müddətlərinin optimallaşdırılmasına və beynəlxalq ticarətin intensivləşməsinə şərait yaradır. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi dayanıqlı iqtisadi inkişafın, qarşılıqlı faydalı tərəfdaşlığın və uzunmüddətli strateji əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud potensialdan səmərəli istifadə, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat-logistika imkanlarının artırılması gələcəkdə daha geniş əməkdaşlıq perspektivlərinin reallaşdırılmasına şərait yaradacaq.
İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri

























