Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla əlaqələri siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə getdikcə daha da genişlənir. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin son illərdə xeyli genişləndiyini bildirib. Dövlətimizin başçısı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı yüksək səviyyəli səfərlərin artıq müntəzəm xarakter aldığını qeyd edib. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə təkcə siyasi sahədə deyil, iqtisadi və ticarət məsələlərində də fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin sözlərinə görə, iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması da əlaqələrin sürətlə inkişaf etdiyini göstərir.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri nəqliyyat sahəsidir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında mühüm nəqliyyat bağlantılarının inkişafında fəal rol oynayır. Xəzər dənizi üzərindən keçən marşrutlar ölkələri bir-birinə daha sıx bağlayır, yüklərin daşınması üçün yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Energetika sahəsində də mühüm layihələr həyata keçirilir. Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması üzərində işləyir. Bu layihələr gələcəkdə regionun enerji imkanlarının genişlənməsinə, ölkələr arasında enerji əməkdaşlığının daha da güclənməsinə xidmət edə bilər. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi ölkəmizin regionda artan rolunu da göstərir. Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan Şərqlə Qərb arasında mühüm əlaqələndirici mövqeyə malikdir. Mərkəzi Asiya ölkələri ilə münasibətlərin möhkəmlənməsi bu imkanlardan daha səmərəli istifadə etməyə şərait yaradır.
Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü də bu əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm hadisədir. Görüşdə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin başçıları Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar imzalayıblar. Bütün bunlar göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr qarşılıqlı maraq, etimad və dostluq əsasında inkişaf edir. Siyasi dialoqun güclənməsi, ticarət və investisiyaların artması, nəqliyyat və enerji layihələrinin genişlənməsi gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin bundan sonra da genişlənməsi ölkəmizin iqtisadi və siyasi imkanlarını artırmaqla yanaşı, regionda sülhə, sabitliyə və davamlı inkişafa mühüm töhfə verəcək.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva

























