image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791444717_17914432113308421043_1200x630

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

image-legitimaz-810x90

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında nəqliyyat və logistika istiqaməti xüsusi yer tutur. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər mühüm infrastruktur layihələri Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində mühüm tranzit mərkəzə çevrilməsinə şərait yaradıb. Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələrinin maraqlarını daha da yaxınlaşdırır. Qazaxıstan, Özbəkistan və digər region ölkələrindən Avropaya yükdaşımalarında Azərbaycan mühüm tranzit ölkə rolunu oynayır. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı yalnız ayrı-ayrı ölkələrin deyil, daha geniş coğrafiyanın iqtisadi maraqlarına xidmət edir. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni perspektivlər yaradır. Xəzər dənizinin iki sahilində yerləşən dövlətlərin əməkdaşlığının gücləndirilməsi regional və qlobal ticarət marşrutlarının şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində də mühüm əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanın zəngin enerji infrastrukturu, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və Mərkəzi Asiya dövlətlərinin enerji resursları bu istiqamətdə qarşılıqlı maraqların genişlənməsinə zəmin yaradır. Xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, elektrik enerjisinin ötürülməsi və regional enerji bağlantılarının yaradılması istiqamətində görülən işlər gələcək üçün böyük perspektivlər vəd edir. Azərbaycanın bu sahədə malik olduğu təcrübə Mərkəzi Asiya ölkələri ilə yeni enerji layihələrinin reallaşdırılmasına mühüm töhfə verə bilər. Beləliklə, enerji əməkdaşlığı artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır, yaşıl enerji və dayanıqlı inkişaf məsələlərini də əhatə edir.

İqtisadi və investisiya əlaqələri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətləri də ardıcıl şəkildə inkişaf edir. Qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi və birgə müəssisələrin yaradılması iqtisadi əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan şirkətlərinin Mərkəzi Asiya ölkələrində həyata keçirdiyi layihələr, eləcə də həmin ölkələrin şirkətlərinin Azərbaycanda fəaliyyət imkanlarının genişlənməsi qarşılıqlı iqtisadi maraqların mövcudluğunu göstərir. Xüsusilə nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, turizm, sənaye və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq üçün böyük potensial var. Məşvərət formatında tamhüquqlu iştirak Azərbaycanın bu imkanlardan daha geniş istifadə etməsinə şərait yaradır. Çoxtərəfli platformada aparılan müzakirələr iqtisadi əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsinə, ortaq layihələrin təşviqinə və regional iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edə bilər.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki