image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791444717_17914432115620663643_1200x630

Azərbaycanın Mərkəzi Asiya ilə strateji inteqrasiyasında yeni mərhələ

image-legitimaz-810x90

Azərbaycanın Mərkəzi Asiya ilə strateji inteqrasiyasında yeni mərhələ

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar üzərində möhkəmlənən geniş əməkdaşlıq platformasına çevrilib. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır.

Dövlətimizin başçısının vurğuladığı kimi, ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olması region dövlətləri ilə münasibətlərimizin yeni səviyyəyə çatmasının mühüm göstəricisidir. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın Mərkəzi Asiya ölkələri tərəfindən etibarlı, fəal və bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsinin bariz ifadəsidir.

Bu tarixi qərarın reallaşmasında Türkmənistanın və şəxsən Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun xüsusi rolu diqqətəlayiqdir. Məhz ötən ilin avqustunda Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsünün irəli sürülməsi region dövlətləri arasında əməkdaşlığın coğrafiyasının genişləndirilməsi baxımından mühüm siyasi addım oldu. Azərbaycan rəhbərinin çıxışında bu təşəbbüsə verilən yüksək qiymət iki ölkə arasında mövcud olan dostluq və qarşılıqlı etimad münasibətlərinin göstəricisidir.

Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması yalnız diplomatik status məsələsi deyil. Bu, ölkəmizin Mərkəzi Asiya ilə iqtisadi, nəqliyyat, enerji, investisiya və humanitar əlaqələrinin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birində yerləşməsi, Xəzər dənizində mühüm logistika imkanlarına malik olması Mərkəzi Asiya dövlətləri üçün ölkəmizi mühüm tranzit və iqtisadi tərəfdaşa çevirir.

Eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən amillər yalnız iqtisadi maraqlardan ibarət deyil. Tarixi, mədəni və mənəvi yaxınlıq, ortaq türk irsi və xalqlar arasında formalaşmış dostluq münasibətləri əməkdaşlığın möhkəm təməlini təşkil edir. Bu baxımdan Azərbaycanın Məşvərət formatında iştirakı türk dövlətləri arasında həmrəyliyin və regional əməkdaşlığın daha da güclənməsinə xidmət edir.

Prezident İlham Əliyevin siyasətində Mərkəzi Asiya istiqamətinin xüsusi yer tutması Azərbaycanın xarici siyasətinin çoxvektorlu və uzaqgörən xarakterini bir daha nümayiş etdirir. Son illərdə qarşılıqlı səfərlərin, yüksəksəviyyəli görüşlərin və birgə layihələrin artması Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin strateji məzmun kəsb etdiyini göstərir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin regiondakı artan nüfuzunun və fəal diplomatik siyasətinin mühüm nəticəsidir. Bu addım Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində yeni səhifə açmaqla yanaşı, Xəzər hövzəsində və daha geniş coğrafiyada sülh, sabitlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verir.

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki