Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzvlüyü regional əməkdaşlıq üçün yeni imkanlar açır
“Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq”. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsi ölkənin xarici siyasətində mühüm mərhələ hesab olunur. Bu qərar Azərbaycanın region dövlətləri ilə tarixi, mədəni və iqtisadi əlaqələrinin daha da dərinləşdiyini nümayiş etdirməklə yanaşı, Avrasiya məkanında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Tarix boyu Azərbaycan Mərkəzi Asiya xalqları ilə sıx münasibətlərə malik olub. Ortaq dil, mədəniyyət, dini dəyərlər və tarixi irs ölkəmizi region dövlətləri ilə birləşdirən əsas amillər sırasında yer alır. Müasir dövrdə isə bu əlaqələr enerji, nəqliyyat, logistika, ticarət və investisiya sahələrində həyata keçirilən birgə layihələr vasitəsilə daha da möhkəmlənir.
Azərbaycanın geostrateji mövqeyi onu Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm tranzit mərkəzinə çevirib. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, liman və dəmir yolu infrastrukturuna yatırılan investisiyalar region ölkələri arasında yükdaşımaların həcminin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır. Bu baxımdan Azərbaycanın Məşvərət Şurasında təmsil olunması regional nəqliyyat və logistika layihələrinin koordinasiyasına əlavə töhfə verəcək. Ekspertlər hesab edirlər ki, Azərbaycanın bu platformaya qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın institusional əsaslarını gücləndirəcək. Eyni zamanda, enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, rəqəmsal transformasiya və ticarət əlaqələrinin inkişafı kimi istiqamətlərdə yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradacaq.
Türkmənistanın Azərbaycanın üzvlüyünə verdiyi dəstək isə iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin göstəricisi kimi dəyərləndirilir. Qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanan əməkdaşlıq regionun inkişafına xidmət edən bir çox mühüm layihələrin reallaşmasına zəmin yaradır.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri
























