image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan tarixi yol

image-legitimaz-810x90

Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan tarixi yol

Azərbaycanın müasir tarixində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, etnik ayrı-seçkilik və azərbaycanlı əhalinin öz tarixi torpaqlarından məcburi köçürülməsi uzun illər davam edən qarşıdurmanın əsas amillərindən olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə azərbaycanlı əhaliyə qarşı zorakılıq və deportasiya halları baş vermiş, 1948–1953-cü illərdə Ermənistan SSR ərazisindən 150 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edilmişdir.

1988-ci ildən etibarən Ermənistan ərazisində yaşayan azərbaycanlıların kütləvi şəkildə qovulması ilə proses daha da genişlənmişdir. Bu hadisələrlə paralel olaraq, Dağlıq Qarabağda separatçı fəaliyyətlər güclənmiş, nəticədə Ermənistanın hərbi-siyasi müdaxiləsi Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf yeddi rayonunun işğalı nəticəsində yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması məsələsi öz əksini tapmışdır.

İşğal dövründə yaşayış məntəqələrinin dağıdılması və mülki əhaliyə qarşı törədilmiş ağır cinayətlər Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdır. Bu faciələr arasında Xocalı qətliamı xüsusi yer tutur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki əhaliyə qarşı törədilən kütləvi qətl nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı şəxs öldürülmüş, 487 nəfər ağır yaralanmış, 1 275 nəfər girov götürülmüşdür. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bütün bunlar göstərirdi ki, münaqişənin dinc yolla həlli üçün aparılan uzunmüddətli danışıqlara baxmayaraq, Azərbaycan ərazilərinin işğal altında saxlanılması davam edirdi. Azərbaycan dövləti illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünün bərpasını və işğalın nəticələrinin aradan qaldırılmasını tələb etmişdir.

2020-ci ildə baş vermiş Vətən müharibəsi məhz bu uzunmüddətli işğalın nəticələrinin aradan qaldırılması prosesinin həlledici mərhələsinə çevrildi. Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində ölkənin ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. Sonrakı mərhələdə 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisi üzərində suverenliyi təmin edildi.

Azərbaycanın qarşısında duran əsas məqsəd torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası olmuşdur. Bu tarix həm də göstərir ki, münaqişələrin uzun müddət həll olunmadan qalması regionda sülh və təhlükəsizlik üçün ciddi risklər yaradır. Azərbaycan xalqı üçün isə şəhidlərin xatirəsinin yaşadılması, tarixi hadisələrin gələcək nəsillərə düzgün çatdırılması və regionda davamlı sülhün təmin olunması mühüm əhəmiyyət daşıyır.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki