Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir
Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında münasibətlər son illərdə siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə daha da inkişaf edib. Qarabağda həyata keçirilən layihələr bu əlaqələrin konkret nəticələrini görməyə imkan verir. Burada tikilən hər bir məktəb, yaradılan hər bir mədəniyyət və sosial obyekt xalqlar arasında dostluq əlaqələrinin real ifadəsinə çevrilir.
Təhsil sahəsinə göstərilən diqqət xüsusilə vacibdir. Çünki azad edilmiş ərazilərdə qurulan məktəblər yalnız bu günün ehtiyaclarını qarşılamır, həm də regionun gələcəyinə sərmayə qoyur. Müasir məktəblərdə təhsil alan uşaqlar gələcəkdə Qarabağın inkişafında mühüm rol oynayacaqlar. Onların bilik və bacarıqları, vətənə bağlılığı və dünyagörüşü yeni Qarabağın sosial-iqtisadi inkişafının əsas dayaqlarından biri olacaq.
Mədəniyyət və yaradıcılıq obyektlərinin yaradılması da eyni dərəcədə əhəmiyyətlidir. Qarabağ Azərbaycanın qədim mədəniyyət və incəsənət məkanlarından biridir. Uzun illər ərzində dağıdılmış mədəni irsin bərpası ilə yanaşı, burada yeni mədəni həyatın formalaşdırılması da qarşıda duran mühüm vəzifələrdəndir. Uşaqların yaradıcılıqla məşğul olması, musiqi və incəsənəti öyrənməsi, müxtəlif mədəni tədbirlərdə iştirak etməsi şəhərlərin canlı sosial mühitə çevrilməsinə imkan yaradır.
Bütün bunlar göstərir ki, Qarabağın bərpası yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Bu, insanların doğma torpaqlarına qayıdışını, normal həyat şəraitinin yaradılmasını, təhsilin və mədəniyyətin inkişafını, gələcəyə inamın möhkəmləndirilməsini əhatə edən kompleks prosesdir. Qardaş ölkələrin bu prosesdə iştirakı isə həmrəylik və qarşılıqlı dəstəyin mühüm nümunəsidir.
Azərbaycan xalqı üçün Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın Qarabağın bərpasında iştirakı xüsusi mənəvi dəyərə malikdir. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Manas adına məktəb təkcə ayrı-ayrı tikililər deyil. Onlar Azərbaycanla Mərkəzi Asiyanın qardaş xalqları arasında dostluğun, tarixi bağlılığın və qarşılıqlı etimadın rəmzləridir.
Bu layihələrin hər biri gələcəyə hesablanmış bir mesajdır. Həmin mesaj ondan ibarətdir ki, Azərbaycan öz azad edilmiş ərazilərində yeni həyat qurarkən onun yanında olan dost və qardaş dövlətlərlə birlikdə daha böyük əməkdaşlıq imkanları formalaşdırır. Bu həm də türk dünyasında həmrəyliyin yalnız siyasi bəyanatlarla deyil, konkret layihələr və əməli addımlarla ifadə olunduğunu göstərir.
Qarabağda yeni məktəblərin, yaradıcılıq mərkəzlərinin və digər sosial obyektlərin istifadəyə verilməsi gələcəyə inamı daha da gücləndirir. Burada böyüyən yeni nəsil yalnız öz ölkəsinin deyil, eyni zamanda dost və qardaş xalqlarla qurulan münasibətlərin də daşıyıcısı olacaq. Beləliklə, bu gün salınan məktəblər və mədəniyyət ocaqları sabah Azərbaycan ilə türk dünyası arasında daha möhkəm humanitar körpülərin formalaşmasına xidmət edəcək.
Qardaş ölkələrin Qarabağın bərpasına verdiyi dəstək Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Bu həmrəyliyin gələcəkdə də davam etdirilməsi, yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi və xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Füzulidə və Ağdamda ucalan bu təhsil və mədəniyyət ocaqları Azərbaycan torpaqlarında həyatın yenidən canlanmasının, qardaşlığın isə konkret əməli işlərlə ifadəsinin parlaq nümunələridir.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc
























