Azərbaycanın Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirakı sülh prosesinin real nəticələrini və ölkənin beynəlxalq nüfuzunun artmasını nümayiş etdirir
Azərbaycan Respublikası son illərdə beynəlxalq təşkilatlarda fəal və uğurlu təmsil olunması ilə seçilir. Bu təmsilçilik təsadüfi xarakter daşımır, əksinə, qarşılıqlı etimad, siyasi hörmət və bəşəri dəyərlərə əsaslanan ardıcıl xarici siyasət xəttinin nəticəsidir. Azərbaycanın qlobal və regional platformalarda qazandığı mövqe onun həm etibarlı tərəfdaş, həm də konstruktiv aktor kimi qəbul olunduğunu göstərir. Bu kontekstdə European Political Community Summit çərçivəsində baş verən proseslər xüsusi əhəmiyyət daşıyır.
Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən 8-ci Zirvə toplantısı regionda yeni siyasi mərhələnin formalaşdığı bir dövrə təsadüf etdi. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyev videobağlantı formatında iştirak edərək ölkənin beynəlxalq platformalarda aktiv və prinsipial mövqeyini nümayiş etdirdi. Bu iştirak yalnız texniki format deyil, eyni zamanda Azərbaycanın regionda gedən proseslərin passiv müşahidəçisi deyil, aktiv iştirakçısı olduğunu göstərən mühüm diplomatik mesaj idi.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Avropa Siyasi Birliyi çərçivəsində aparılan əvvəlki müzakirələr və Zirvə toplantısının təşkilati formatı ilə bağlı diplomatik razılaşmalar oldu. Azərbaycanın 2028-ci ildə keçiriləcək növbəti Zirvə toplantısına ev sahibliyi etməyə dəvət olunması və Ermənistan tərəfinin bu təşəbbüsü dəstəkləməsi regionda siyasi dialoqun yeni mərhələyə keçdiyini göstərən mühüm hadisə kimi qiymətləndirilir. Bu, eyni zamanda, Azərbaycan–Ermənistan münasibətlərində qarşılıqlı etimadın formalaşmağa başladığının göstəricisi kimi çıxış edir.
Bu proseslər regionda iqtisadi əlaqələrin siyasi münasibətləri üstələyən yeni mərhələyə keçdiyini göstərir. Sülhün yalnız siyasi bəyanat deyil, həm də real iqtisadi və logistik mexanizmlərlə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətində praqmatik yanaşmanın əsas yer tutduğunu sübut edir.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlar məsələsinə də toxundu. O, bəzi Avropa institutlarının Ermənistan–Azərbaycan sülh prosesinə qeyri-konstruktiv yanaşdığını və siyasi qərəz nümayiş etdirdiyini bildirdi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının mövqeyi tənqid edilərək onların regionda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, ziddiyyətləri dərinləşdirməyə cəhd göstərdiyi qeyd edildi.
Çıxışda regional layihələrin strateji əhəmiyyəti də xüsusi vurğulandı. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun region üçün yeni logistik imkanlar açacağı, Azərbaycanın Naxçıvanla birləşməsini təmin edəcəyi və Orta Dəhlizin daha da güclənməsinə xidmət edəcəyi qeyd olundu. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan regionun inteqrasiyasını gücləndirən mühüm təşəbbüs kimi dəyərləndirilir. Azərbaycanın Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirakı ölkənin beynəlxalq münasibətlər sistemində artan rolunu, sülh gündəliyinə sadiqliyini və regional əməkdaşlıqda fəal mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin çıxışı həm diplomatik məzmun, həm də strateji mesaj baxımından Azərbaycanın qlobal siyasətdə balanslaşdırılmış, prinsipial və realist xəttini nümayiş etdirərək ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


























