Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması enerji əlaqələrində yeni mərhələnin əsas göstəricisidir
Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə siyasi dialoqla yanaşı, iqtisadi, enerji, sənaye, ticarət və investisiya sahələrində də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İki ölkə arasında formalaşan qarşılıqlı etimad, yüksəksəviyyəli siyasi təmaslar və biznes dairələri arasında genişlənən əməkdaşlıq münasibətlərin strateji xarakter almasına mühüm zəmin yaratmışdır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan–Almaniya əlaqələrinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm mərhələ kimi qiymətləndirilir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır. Almaniya isə Avropa İttifaqının aparıcı iqtisadiyyatı və ən böyük sənaye dövlətlərindən biri olaraq Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu baxımdan iki ölkə arasında iqtisadi və enerji əlaqələrinin inkişafı həm ikitərəfli münasibətlər, həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan uzun illərdir ki, əlverişli investisiya mühiti yaratmaq istiqamətində mühüm islahatlar həyata keçirir. Sahibkarlığın inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, investorların hüquqlarının qorunması və beynəlxalq standartlara uyğun biznes mühitinin formalaşdırılması nəticəsində ölkə xarici investorlar üçün cəlbedici məkana çevrilmişdir.
Bu gün Almaniyanın 200-dən çox şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Həmin şirkətlər tikinti, sənaye, logistika, kənd təsərrüfatı, maşınqayırma, informasiya texnologiyaları, səhiyyə, əczaçılıq, maliyyə, nəqliyyat və xidmət sektorlarında mühüm layihələr həyata keçirirlər. Alman şirkətlərinin müasir texnologiyalar, yüksək idarəetmə təcrübəsi və innovativ yanaşmaları Azərbaycan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verir.
Azərbaycan hökuməti xarici sərmayələrin cəlb edilməsini iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Almaniya isə Avropanın ən böyük investor dövlətlərindən biri olaraq yeni bazarlara çıxış imkanlarını daim genişləndirir.
Azərbaycan istehsal ediləcək yaşıl enerjinin Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan kabel vasitəsilə Avropaya ixracını nəzərdə tutur. Almaniya bu layihələrin gələcək əsas tərəfdaşlarından biri hesab olunur.
Azərbaycan ilə Almaniya arasında imzalanmış “İkitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə” gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması enerji əlaqələrində yeni mərhələnin əsas göstəricisidir. Bununla yanaşı, yaşıl enerji layihələrinin reallaşdırılması, yeni investisiyaların cəlb edilməsi və sənaye əməkdaşlığının genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.
Mövcud siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlar Azərbaycan–Almaniya əməkdaşlığının gələcək illərdə daha da dərinləşəcəyini və Avropa ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın mühüm nümunələrindən birinə çevriləcəyini göstərir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc





















