Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində qazanılan uğurların əsas səbəblərindən biri Aqroparkların yaradılmasıdır
Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də aqroparkların yaradılması olmuşdur. Aqroparklar kənd təsərrüfatının daha müasir şəkildə inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və kənd yerlərində insanların məşğulluğunun təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət nəticəsində müxtəlif bölgələrdə yaradılan aqroparklar kənd təsərrüfatına yeni nəfəs gətirmişdir. Aqropark dedikdə geniş ərazidə müasir texnologiyalar əsasında qurulan kənd təsərrüfatı kompleksləri nəzərdə tutulur. Burada əkinçilik, heyvandarlıq, məhsulun emalı, saxlanılması və satışı bir sistem şəklində təşkil edilir. Bu da həm fermerlərin işini asanlaşdırır, həm də istehsal olunan məhsulun keyfiyyətini artırır. Əvvəllər kənd yerlərində bir çox fermerlər texnika çatışmazlığı, su problemi, gübrə və toxum əldə etməkdə çətinliklərlə qarşılaşırdı. Aqroparkların yaradılması bu problemlərin xeyli hissəsini aradan qaldırdı. Müasir suvarma sistemləri, yeni kənd təsərrüfatı texnikaları və yüksək məhsuldarlığa malik toxumlar fermerlərin istifadəsinə verildi. Nəticədə torpaqdan daha səmərəli istifadə olunmağa başlandı.
Aqroparkların ən böyük üstünlüklərindən biri məhsuldarlığın artmasıdır. Müasir texnologiyaların tətbiqi sayəsində əvvəlki illərlə müqayisədə daha çox məhsul əldə edilir. Bu isə həm daxili bazarın təmin olunmasına, həm də məhsulların xarici ölkələrə ixracına şərait yaradır. İxracın artması ölkə iqtisadiyyatına da müsbət təsir göstərir. Kənd yerlərində işsizliyin azalmasında da aqroparkların mühüm rolu vardır. Yeni yaradılan aqroparklarda yüzlərlə insan daimi və mövsümi işlə təmin olunur. Xüsusilə gənclərin kənd təsərrüfatına marağı artır. İnsanlar öz doğma kəndlərini tərk etmədən işləmək və gəlir əldə etmək imkanı qazanırlar. Bu da kəndlərin sosial inkişafına müsbət təsir edir. Aqroparklar həmçinin ərzaq təhlükəsizliyinin təmin olunmasına da kömək edir. Yerli istehsal artdıqca ölkənin xaricdən asılılığı azalır. İnsanlar daha keyfiyyətli və təbii məhsullarla təmin olunur. Bu gün bazarlarda yerli məhsulların çoxalması görülən işlərin nəticəsidir.
Dövlət tərəfindən aqroparklara xüsusi dəstək göstərilir. Sahibkarlara güzəştli kreditlərin verilməsi, subsidiyaların ayrılması, texnika ilə təminat və digər dəstək mexanizmləri kənd təsərrüfatının inkişafına stimul verir. Bu qayğı fermerlərin daha həvəslə işləməsinə səbəb olur. Aqroparkların fəaliyyəti ekoloji baxımdan da əhəmiyyətlidir. Müasir suvarma sistemləri su itkisini azaldır, torpağın münbitliyi qorunur və ətraf mühitə mənfi təsir minimuma endirilir. Eyni zamanda məhsulun düzgün saxlanılması israfın qarşısını alır.
Bu gün Azərbaycan kənd təsərrüfatının inkişafı istiqamətində mühüm uğurlar qazanır. Aqroparkların yaradılması isə bu uğurların əsas səbəblərindən biridir. Müasir kənd təsərrüfatı modelinin tətbiqi ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, insanların rifahının yüksəlməsinə də xidmət edir. Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Bu layihələr kəndlərin inkişafına, məhsul bolluğunun yaranmasına, yeni iş yerlərinin açılmasına və ölkə iqtisadiyyatının güclənməsinə mühüm töhfə verir. Gələcək illərdə aqroparkların sayının daha da artması kənd təsərrüfatının inkişafını sürətləndirəcək və Azərbaycanın aqrar sahədə daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


















