Azərbaycan zəngin təbii sərvətlərə malik ölkələrdən biridir
Ölkəmizin müxtəlif bölgələrində uzun illər ərzində aparılmış geoloji araşdırmalar nəticəsində qızıl, mis, molibden və digər faydalı qazıntıların ehtiyatlarının olduğu müəyyən edilib. Bu sərvətlər Azərbaycanın gələcək iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıyan imkanlardan biridir. Bu gün ölkəmizdə faydalı qazıntı yataqlarının öyrənilməsi və onların iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Lakin perspektivli hesab olunan bir sıra qızıl, mis və molibden yataqları hələ də tam şəkildə geoloji kəşfiyyatdan keçirilməli, onların ehtiyatları dəqiqləşdirilməli və sənaye baxımından qiymətləndirilməlidir.
Geoloji kəşfiyyat sadə dillə desək, yerin altında hansı sərvətlərin olduğunu, onların hansı dərinlikdə yerləşdiyini, miqdarını və sənaye üsulu ilə çıxarılmasının nə dərəcədə mümkün olduğunu müəyyən etmək prosesidir. Bu iş aparılmadan hər hansı yatağın real iqtisadi potensialını dəqiq qiymətləndirmək mümkün deyil. Qızıl, mis və molibden müasir dünyada böyük əhəmiyyətə malik faydalı qazıntılardır. Qızıl yalnız qiymətli metal kimi deyil, həm də müxtəlif sənaye sahələrində istifadə olunur. Mis elektrik enerjisinin ötürülməsində, kabel və avadanlıqların istehsalında, tikinti və digər sahələrdə geniş tətbiq edilir. Molibden isə metallurgiyada, yüksək möhkəmliyə malik ərintilərin hazırlanmasında və müxtəlif sənaye sahələrində istifadə olunan mühüm metaldır.
Dünyada texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə bu metalların əhəmiyyəti daha da artır. Elektrik şəbəkələrinin genişləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, müasir texnologiyaların tətbiqi və enerji sektorunda baş verən dəyişikliklər mis və digər faydalı qazıntılara olan tələbatı artırır. Ona görə də Azərbaycanın öz təbii sərvətlərini araşdırması və iqtisadi dövriyyəyə cəlb etməsi gələcək üçün mühüm məsələlərdən biridir.Hər hansı ərazidə faydalı qazıntının mövcud olması hələ onun böyük sənaye yatağı olduğu anlamına gəlmir. Bunun üçün uzunmüddətli və elmi əsaslara söykənən geoloji kəşfiyyat işləri aparılmalıdır.
Əvvəlcə ərazinin geoloji quruluşu öyrənilir. Daha sonra müxtəlif üsullarla nümunələr götürülür, qazma işləri aparılır və yerin müxtəlif dərinliklərində faydalı komponentlərin miqdarı müəyyən edilir. Əldə olunan məlumatlar əsasında yatağın ehtiyatları hesablanır. Bundan sonra isə iqtisadi və texniki qiymətləndirmə aparılır. Yəni həmin sərvətin çıxarılması üçün nə qədər vəsait tələb olunacağı, hansı texnologiyadan istifadə ediləcəyi, ərazidə infrastrukturun vəziyyəti, nəqliyyat imkanları və digər məsələlər araşdırılır. Bu baxımdan “perspektivli yataq” anlayışı böyük əhəmiyyət daşıyır. Perspektivli yataq gələcəkdə əlavə araşdırmalar nəticəsində əhəmiyyətli ehtiyatların müəyyən edilə biləcəyi ehtimal olunan ərazidir. Deməli, belə yataqların gələcək potensialını üzə çıxarmaq üçün geoloji kəşfiyyatın davam etdirilməsi vacibdir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
























