Azərbaycan yeni investisiyalar və yeni imkanlar üçün açıqdır
Azərbaycan son illərdə iqtisadiyyatını gücləndirməklə yanaşı, ölkəyə yeni investisiyaların cəlb olunması üçün geniş imkanlar yaradıb. Bu gün Azərbaycan investorlar üçün yalnız enerji resursları ilə deyil, müxtəlif iqtisadi sahələrdə yaranan yeni imkanlarla da maraq doğurur. Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələlərdən biri inkişafın müxtəlif sahələr üzrə davam etdirilməsidir. Neft və qaz sektoru ölkə iqtisadiyyatında mühüm rolunu qorusa da, qeyri-neft sektorunun genişləndirilməsi də diqqət mərkəzindədir .Bu istiqamətdə kənd təsərrüfatı, sənaye, logistika, nəqliyyat, turizm, rəqəmsal texnologiyalar və bərpaolunan enerji kimi sahələr xüsusi imkanlara malikdir. Yeni investisiyaların bu sahələrə yönəldilməsi həm istehsalın artmasına, həm də yeni iş yerlərinin yaradılmasına şərait yarada bilər. İnvestorlar üçün Azərbaycanın üstünlüklərindən biri də yaradılmış infrastruktur və ölkənin əlverişli coğrafi mövqeyidir. Dəmir yolları, avtomobil yolları, hava limanları və dəniz limanı Azərbaycanın beynəlxalq ticarət əlaqələrində rolunu artırır. Bu infrastruktur ölkədə fəaliyyət göstərən şirkətlərin həm daxili, həm də xarici bazarlara çıxışını asanlaşdırır.
Müasir iqtisadiyyatda insan kapitalı və yeni texnologiyalar da böyük əhəmiyyət daşıyır. Süni intellekt, rəqəmsal xidmətlər və innovativ texnologiyalar müxtəlif sahələrdə məhsuldarlığın artırılmasına imkan verir. Azərbaycanın qarşıdakı dövrdə bu istiqamətlərə daha çox investisiya cəlb etməsi iqtisadiyyatın yeni mərhələyə keçməsinə kömək edə bilər. İnvestisiya yalnız ölkəyə maliyyə vəsaitinin gətirilməsi demək deyil. Xarici investorlarla əməkdaşlıq yeni texnologiyaların, müasir idarəetmə təcrübəsinin və yeni biznes yanaşmalarının ölkəyə daxil olmasına da imkan yaradır. Bu baxımdan investisiya layihələri yerli şirkətlərin inkişafı üçün də yeni imkanlar formalaşdıra bilər. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Bakıda keçirilməsi də bu baxımdan əhəmiyyətlidir. Forum müxtəlif ölkələrdən investorları, şirkətləri və maliyyə institutlarını bir araya gətirərək Azərbaycanın iqtisadi imkanlarının beynəlxalq biznes dairələrinə təqdim edilməsinə şərait yaradır.
Bu gün Azərbaycanın qarşısında əsas məqsədlərdən biri əldə olunan iqtisadi imkanları daha da genişləndirmək və investisiyaları ölkənin müxtəlif sahələrinə yönəltməkdir. Bunun üçün sabitlik, müasir infrastruktur, ixtisaslı kadrlar və əlverişli biznes mühitinin qorunması mühüm əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycanın gələcək iqtisadi inkişafı yalnız mövcud sərvətlərdən istifadə ilə deyil, yeni investisiyaların, texnologiyaların və insan kapitalının ölkə iqtisadiyyatına cəlb edilməsi ilə də bağlıdır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər də ölkənin qarşıdakı dövrdə daha geniş iqtisadi imkanlardan istifadə etməyə hazır olduğunu göstərir.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Ramil Xəlilov

















