Azərbaycan xalqı tarix boyu sülhə, əmin-amanlığa və mehriban qonşuluğa böyük önəm verib.
Xalqımızın milli xarakterində tolerantlıq, humanizm, müxtəlif dinlərə və mədəniyyətlərə hörmət kimi dəyərlər mühüm yer tutur. Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və dini icmaların nümayəndələri birgə, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Bu ənənə bu gün də davam edir. Lakin sülh istəyi heç də dövlətin və xalqın öz təhlükəsizliyini qorumaq hüququndan imtina etməsi demək deyil. Azərbaycan xalqı uzun illər ərzində münaqişənin sülh yolu ilə həll olunacağına ümid edib, beynəlxalq vasitəçilik imkanlarına inanıb və danışıqlar prosesini dəstəkləyib. Bununla yanaşı, uzun müddət davam edən işğal, torpaqlarımızın zəbt olunması, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşməsi xalqımızın yaddaşında dərin izlər buraxıb.
Azərbaycanın səbirli mövqeyi uzun illər ərzində özünü müxtəlif formalarda göstərib. Ölkəmiz dəfələrlə sülh danışıqlarına hazır olduğunu bəyan edib, beynəlxalq hüququn prinsiplərinə əsaslanan həll yolunu müdafiə edib. Ancaq qarşı tərəfin hərbi təxribatları və danışıqlar prosesini pozan addımları vəziyyəti daha da gərginləşdirib. Xüsusilə 2020-ci ilin sentyabrında baş verən hadisələr Azərbaycan xalqının yaddaşında mühüm dönüş nöqtəsi kimi qaldı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatı vəziyyətin daha da ağırlaşmasına səbəb oldu. Azərbaycan Ordusu ərazilərini və əhalisini müdafiə etmək məqsədilə əks-hücum əməliyyatlarına başladı.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın uzun illər işğal altında qalan ərazilərinin böyük hissəsi azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bununla da bölgədə yeni siyasi və təhlükəsizlik reallıqları formalaşdı. Bu hadisələrin Azərbaycan xalqı üçün əsas əhəmiyyəti ondan ibarət idi ki, uzun illər ərzində həll olunmayan münaqişə yeni mərhələyə keçdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. İnsanların öz doğma yurdlarına qayıtması üçün şəhər və kəndlər yenidən qurulmağa başladı. Yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və digər sosial obyektlər inşa edildi.
Azərbaycan xalqının sülhsevər olması sonrakı dövrdə də özünü göstərdi. Müharibədən sonra ölkəmiz regionda davamlı sülhün və sabitliyin təmin olunmasını əsas məsələlərdən biri kimi gündəmə gətirdi. Azərbaycan yeni reallıqlar şəraitində region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı. Burada mühüm məqam ondan ibarətdir ki, sülh yalnız silahların susması ilə məhdudlaşmır. Davamlı sülh üçün qarşılıqlı hörmət, ərazi bütövlüyünün və suverenliyin tanınması, dövlətlər arasında etimadın formalaşdırılması və əməkdaşlıq mühiti yaradılması vacibdir.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

























