Azərbaycan xalqı öz hüquqlarının bərpa olunmasını yalnız hərbi uğur kimi deyil, həm də tarixi ədalətin bərpası kimi qiymətləndirir
Şəhidlərimizin ailələri Azərbaycan xalqının xüsusi ehtiramını qazanıb. Onların övladları, valideynləri və həyat yoldaşları bizim üçün əzizdir. Çünki şəhidlər yalnız öz ailələri üçün deyil, bütün Azərbaycan üçün Vətən uğrunda canından keçmiş qəhrəmanlardır.Bu gün azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanması, məscidlərimizin, tarixi abidələrimizin və yaşayış məntəqələrimizin yenidən bərpa olunması şəhidlərimizin arzularının həyata keçməsinin göstəricilərindən biridir. Azərbaycan xalqı uzun illər ərzində öz torpaqlarının işğaldan azad edilməsini gözlədi. Nəhayət, Azərbaycan Ordusunun hərbi uğurları nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə Azərbaycanın suverenliyinin bütün ərazidə bərpası təmin edildi. Bununla da ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi mərhələ tamamlandı.
Bu hadisə Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki müstəqil dövlət üçün ərazi bütövlüyü və suverenlik ən mühüm prinsiplərdəndir. Azərbaycan xalqı öz hüquqlarının bərpa olunmasını yalnız hərbi uğur kimi deyil, həm də tarixi ədalətin bərpası kimi qiymətləndirir. Lakin Azərbaycan əsgəri azad etdiyi torpaqlara daxil olduqda qarşılaşdığı mənzərə olduqca ağır idi. 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərdə şəhər və kəndlər dağıdılmış, yaşayış binaları, məktəblər, mədəniyyət müəssisələri, tarixi abidələr və dini ibadət yerləri ciddi şəkildə zədələnmişdi.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərdə dağıntıların miqyası işğalın nəticələrinin nə qədər ağır olduğunu göstərirdi. Bir vaxtlar insanların yaşadığı evlərdən, küçələrdən, məktəblərdən və ictimai binalardan əsər-əlamət qalmamışdı. Şəhərlər demək olar ki, xarabalığa çevrilmişdi. Bu mənzərə Azərbaycan xalqının qarşısında böyük bir vəzifə qoydu: azad edilmiş əraziləri yenidən qurmaq, insanların öz doğma yurdlarına qayıtmasını təmin etmək və həmin torpaqlarda həyatın yenidən canlanmasına şərait yaratmaq. Bu gün həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri məhz bu məqsədə xidmət edir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru
























