Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir
2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.
Azərbaycanın qalibiyyətinin əsas səbəbi onun qüdrətli dövlət başçısına sahib olmasıdır. Azərbaycanda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi.
Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycanın qədim torpaqlarında yerləşən 65 məscid tamamilə yerlə-yeksan edilmiş, onlarla tarixi və dini abidə isə qəsdən yararsız vəziyyətə salınmışdır. Məscidlərin dağıdılması və ibadət evlərində heyvanların saxlanılması tamamilə iyrənc əməllər hesab olunur. Bu hərəkətlər vandalizmi açıq nümunəsidir. Edilən qəddarlıqlar təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bütün İslam dünyasına, müsəlmanların mənəvi dəyərlərinə qarşı yönəlmiş böyük bir təhqir və hörmətsizlik kimi qiymətləndirib.
Azərbaycanın dini irsinin bu cür kütləvi şəkildə məhv edilməsi Haaqa Konvensiyasının və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır. Rəsmi Bakının bu faktları mütəmadi olaraq beynəlxalq platformalarda qaldırması İslam ölkələrinin Ermənistanın saxta təbliğatına qarşı vahid mövqedən çıxış etməsini sürətləndirir və Qarabağdakı mədəni soyqırımın miqyasını bütün çılpaqlığı ilə ortaya qoyur.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri
























