image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi

image-legitimaz-810x90

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm və şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk demokratik respublika kimi milli dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılmışdır. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, istiqlal və milli müstəqillik arzularının gerçəkləşməsinin ən parlaq nümunəsi olmuşdur. Məhz bu dövlət xalq hakimiyyəti, parlament idarəçiliyi, demokratik seçki prinsipləri, vətəndaş hüquq və azadlıqları kimi müasir dövlətçilik ənənələrinin əsasını qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, onun həyata keçirdiyi siyasi, hüquqi və mədəni islahatlar sonrakı dövrlərdə Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mühüm təsir göstərmişdir. Cümhuriyyət dövründə dövlət atributları – üçrəngli bayraq, gerb və himn qəbul edilmiş, milli ordu yaradılmış, Azərbaycan dili dövlət dili elan olunmuş, qadınlara seçki hüququ verilmişdir. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti yalnız ölkəmizin deyil, bütün müsəlman Şərqinin demokratik inkişaf tarixində mühüm mərhələ hesab edilir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyət irsinin öyrənilməsi və təbliği dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu sahədə xüsusi xidmətlər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək onun milli dövlətçilik ənənələrinin əsasını təşkil etdiyini dəfələrlə vurğulamışdır. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi məqsədilə mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” müvafiq sərəncam imzalanmışdır. Həmin sərəncam ölkəmizdə milli dövlətçilik tarixinin dərindən araşdırılması, Cümhuriyyət irsinin gələcək nəsillərə çatdırılması və bu tarixi hadisənin geniş şəkildə təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. Sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün xüsusi Dövlət Komissiyası yaradılmışdır. Dövlət Komissiyasının qarşısına yubiley tədbirlərinin hazırlanması, elmi konfransların, sərgilərin, nəşrlərin və müxtəlif maarifləndirici proqramların təşkili kimi mühüm vəzifələr qoyulmuşdur. Bununla yanaşı, yubiley münasibətilə tədbirlər planı təsdiq edilmiş, ölkənin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər keçirilmişdir. Elmi müəssisələrdə və ali təhsil ocaqlarında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı araşdırmalar genişləndirilmiş, tarixi sənədlər yenidən tədqiq olunmuşdur.

1998-ci ildə keçirilən yubiley tədbirləri Azərbaycan xalqının milli yaddaşının möhkəmləndirilməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və dövlətçilik ənənələrinin təbliğində mühüm rol oynamışdır. Bu tədbirlər bir daha sübut etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları müasir müstəqil Azərbaycan dövlətinin siyasi və mənəvi əsaslarını təşkil edir. Bu gün Azərbaycan öz dövlət müstəqilliyini uğurla inkişaf etdirərək Cümhuriyyətin ideallarına sadiqliyini nümayiş etdirir. Müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun artması, demokratik dövlət quruculuğu istiqamətində atılan addımlar və milli maraqlara əsaslanan siyasət Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin yaşadığını göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi xalqımızın tarixi keçmişinə, milli dövlətçilik ənənələrinə və istiqlal mübarizəsinə verilən yüksək qiymətin ifadəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycan tarixinin mühüm səhifələrinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına böyük töhfə vermişdir.

 

Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri                 Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki