Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlər sadəcə dövlətlərarası əməkdaşlıqdan ibarət deyil
Bu münasibətlərin əsasını əsrlər boyu formalaşmış dostluq, qardaşlıq, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər təşkil edir. Azərbaycan və özbək xalqları bir-birinə həmişə yaxın olmuş, sevincli və çətin günlərdə qarşılıqlı hörmət və rəğbət nümayiş etdirmişlər. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. İki ölkə arasında əlaqələr artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər ortaq tarixə, mədəniyyətə, dilə, mənəvi dəyərlərə, birliyə, həmrəyliyə və xalqların nəsillər boyu qoruyub saxladığı dərin qarşılıqlı rəğbətə əsaslanır. Azərbaycan və Özbəkistan ayrı-ayrı dövlətlər olsa da, xalqlarımızı bir-birinə yaxınlaşdıran çoxlu ortaq cəhətlər vardır. Hər iki xalq türk dünyasının qədim və zəngin xalqlarındandır. Dillərimiz bir-birinə yaxın olduğu üçün azərbaycanlı və özbək insanlar müəyyən dərəcədə bir-birini asanlıqla başa düşə bilirlər. Ədəbiyyatımızda, musiqimizdə, milli adət-ənənələrimizdə də böyük oxşarlıqlar mövcuddur. Nizami Gəncəvi, Füzuli, Nəsimi, Mirzə Uluqbəy, Əlişir Nəvai və digər böyük şəxsiyyətlərin yaratdığı zəngin mədəni irs bütün türk dünyasının ortaq mənəvi sərvətidir. Novruz bayramı, ailə dəyərləri, böyüyə hörmət, kiçiyə qayğı, qonaqpərvərlik və milli adət-ənənələrə bağlılıq həm Azərbaycan, həm də Özbəkistan cəmiyyətinin əsas xüsusiyyətlərindəndir. Məhz bu ortaq dəyərlər xalqlarımız arasında səmimi münasibətlərin yaranmasına və qorunub saxlanmasına imkan verib.
Xalqlar arasındakı dostluq zaman keçdikcə dövlətlərarası münasibətlərin də möhkəmlənməsinə səbəb olub. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Hazırda iki ölkə arasındakı əlaqələr siyasi, iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkə arasında 199 sənəd imzalanıb və əməkdaşlıq hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. 2024-cü il avqustun 23-də Daşkənddə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələrin inkişafında mühüm mərhələ oldu. Bu müqavilə iki qardaş ölkənin münasibətlərinin artıq ən yüksək siyasi səviyyəyə çatdığını göstərdi. Müttəfiqlik o deməkdir ki, Azərbaycan və Özbəkistan bir-birinə etibarlı tərəfdaş kimi yanaşır, mühüm məsələlərdə qarşılıqlı dəstək göstərir və ortaq maraqlar naminə birlikdə fəaliyyət göstərirlər.İki ölkə arasındakı münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yaranmış qarşılıqlı hörmət, etimad və səmimi dostluq münasibətləri də mühüm rol oynayır. Son illərdə prezidentlərin qarşılıqlı səfərləri və görüşləri daha da intensivləşib. Dövlət başçılarının münasibətləri ölkələr arasında əməkdaşlığın genişlənməsi üçün güclü siyasi iradənin mövcud olduğunu göstərir. 2023-cü ildə yaradılan Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurası isə iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mexanizmə çevrilib.
Nailə Əliyeva – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri
























