image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1-jpg_1787697209

Azərbaycan və Mərkəzi Asiyanın yeni iqtisadi hədəfi

image-legitimaz-810x90

Azərbaycan və Mərkəzi Asiyanın yeni iqtisadi hədəfi

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə ənənəvi siyasi və diplomatik əməkdaşlıq çərçivəsini aşaraq, iqtisadi tərəfdaşlığın yeni və daha məzmunlu mərhələsinə daxil olub. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər də bu münasibətlərin strateji mahiyyətini aydın şəkildə ortaya qoyur.

Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması qarşılıqlı iqtisadi əlaqələrin daha sistemli əsasda inkişaf etdirilməsi baxımından mühüm addımdır. Hər birinin kapitalının yüz milyonlarla dollar təşkil etdiyi bu fondlar təkcə maliyyə resurslarının birləşdirilməsi deyil, həm də ortaq iqtisadi maraqların konkret layihələrə çevrilməsi üçün mühüm mexanizm kimi çıxış edir. Qarşıdakı mərhələdə əsas məsələ həmin imkanlardan daha səmərəli və fəal istifadə etməkdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, əməkdaşlığı yalnız qarşılıqlı ticarətin həcminin artırılması ilə məhdudlaşdırmaq kifayət deyil. Müasir iqtisadi reallıqlar daha geniş yanaşma tələb edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri birlikdə investisiya qoymalı, müasir istehsal müəssisələri yaratmalı, sənaye kooperasiyasını genişləndirməli və birgə istehsal olunan məhsulları dünya bazarlarına çıxarmalıdırlar. Bu yanaşma tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi deməkdir.

Azərbaycanın logistika imkanları, enerji potensialı, nəqliyyat infrastrukturu və sənaye təcrübəsi Mərkəzi Asiya dövlətlərinin istehsal və resurs imkanları ilə uzlaşdırıldıqda böyük iqtisadi nəticələr əldə etmək mümkündür. Xəzər üzərindən formalaşan nəqliyyat marşrutları isə bu əməkdaşlığın coğrafiyasını daha da genişləndirərək məhsulların yeni bazarlara çıxarılmasına əlverişli şərait yaradır.

Birgə investisiya fondlarının fəaliyyəti xüsusilə sənaye, kənd təsərrüfatı, logistika, energetika, rəqəmsal texnologiyalar və digər perspektivli sahələrdə ortaq layihələrin maliyyələşdirilməsinə imkan verə bilər. Burada əsas məqsəd yalnız kapital yatırmaq deyil, əlavə dəyər yaradan, yeni iş yerləri formalaşdıran və uzunmüddətli iqtisadi gəlir gətirən layihələrə üstünlük verməkdir.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində müşahidə olunan bu dinamika onu göstərir ki, qarşılıqlı iqtisadi bağlılıq getdikcə daha dayanıqlı xarakter alır. Artıq söhbət sadəcə alıb-satmaqdan deyil, birlikdə istehsal etmək, birlikdə investisiya qoymaq və birlikdə dünya bazarlarına çıxmaqdan gedir. Bu isə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcək inkişafı üçün mühüm strateji istiqamətdir.

Yaradılmış investisiya fondları mövcud potensialın real iqtisadi nəticələrə çevrilməsi üçün mühüm platformadır. Onlardan səmərəli istifadə edilməsi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi tərəfdaşlığı daha da möhkəmləndirəcək, yeni istehsal zəncirlərinin yaranmasına və regionun qlobal iqtisadi sistemdə mövqeyinin güclənməsinə mühüm töhfə verəcəkdir.

 

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki