image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17903992183904517782_1200x630

Azərbaycan uzun illərdir dünyada əsasən neft və qaz ixrac edən ölkə kimi tanınır

image-legitimaz-810x90

Azərbaycan uzun illərdir dünyada əsasən neft və qaz ixrac edən ölkə kimi tanınır

Enerji resursları ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayıb. Lakin bu gün Azərbaycanın qarşısında daha geniş məqsədlər dayanır. Məqsəd enerji sektorunda yalnız neft və qazla kifayətlənməmək, elektrik enerjisinin istehsalını artırmaq və gələcəkdə onu regional və Avropa bazarlarına çıxarmaqdır.

Bu istiqamətdə Azərbaycanın əlində böyük imkanlar var. Ölkəmiz həm günəş, həm külək, həm də digər bərpaolunan enerji mənbələri baxımından əlverişli potensiala malikdir. Azərbaycanın 2030-cu ilə qədər günəş və külək enerjisi üzrə 6 qiqavat güc yaratmaq hədəfi də bu strategiyanın mühüm hissəsidir. Bu məqsədə çatmaq üçün yeni elektrik stansiyalarının tikilməsi ilə yanaşı, istehsal olunan enerjinin istehlakçılara çatdırılması üçün elektrik şəbəkələrinin də gücləndirilməsi lazımdır.

Çünki günəş və külək enerjisi təbii şəraitdən asılıdır. Buna görə də enerji sisteminin daha çevik və müasir olması, yeni ötürücü xətlərin və enerji saxlama imkanlarının yaradılması vacibdir. Bərpaolunan enerjinin inkişafı yalnız elektrik enerjisi istehsalı demək deyil. Bu sahənin inkişafı ölkədə yeni sənaye və biznes imkanlarının yaranmasına da səbəb ola bilər.

Məsələn, günəş və külək elektrik stansiyalarının tikintisi ilə yanaşı, enerji saxlama sistemlərinə, elektrik avadanlıqlarına, rəqəmsal idarəetmə sistemlərinə və yeni texnologiyalara ehtiyac artır. Bu isə öz növbəsində yeni müəssisələrin yaradılması və yeni iş yerlərinin açılması üçün imkan yarada bilər. Bərpaolunan enerjinin artması təbii qazdan daxili elektrik istehsalında daha az istifadə olunmasına da şərait yarada bilər. Qənaət edilən təbii qazın müəyyən hissəsinin ixraca yönəldilməsi isə ölkənin enerji gəlirlərinə əlavə imkanlar yarada bilər.

Beləliklə, Azərbaycanın enerji siyasətində iki istiqamət paralel şəkildə inkişaf edir: mövcud neft-qaz imkanlarından səmərəli istifadə və gələcəyin enerjisi hesab olunan bərpaolunan enerji mənbələrinin genişləndirilməsi. Azərbaycanın yaşıl enerji potensialından danışarkən Qarabağ və Şərqi Zəngəzuru da xüsusi qeyd etmək lazımdır.Bu ərazilər həm təbii ehtiyatları, həm də günəş, külək və su enerjisi imkanları baxımından böyük potensiala malikdir. Burada həyata keçirilən enerji layihələri yalnız elektrik istehsalı ilə məhdudlaşmır.

Yeni enerji imkanları həmin ərazilərdə yaşayış məntəqələrinin qurulmasına, sənaye müəssisələrinin fəaliyyət göstərməsinə, kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına da kömək edə bilər. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə enerji layihələrinin bir-birini tamamlaması gələcəkdə həmin bölgələrin iqtisadi fəallığının artmasına şərait yarada bilər.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki