Azərbaycan-Türkmənistan münasibətlərinin bugünkü inkişafı yalnız iki dövlət arasındakı əlaqələrin göstəricisi deyil
Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin güclənməsinə müsbət təsir göstərir. Bu iki regionun bir-biri ilə daha sıx bağlanması ticarət, nəqliyyat, enerji və digər sahələrdə yeni imkanlar yaradır. Bu gün Azərbaycan artıq yalnız öz regionunda deyil, daha geniş coğrafiyada mühüm iqtisadi və nəqliyyat tərəfdaşına çevrilib. Ölkəmizin həyata keçirdiyi böyük infrastruktur layihələri Azərbaycanın regional əhəmiyyətini artırıb. Türkmənistanla əməkdaşlığın genişlənməsi də bu prosesin mühüm istiqamətlərindən biridir. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri bütün tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında münasibətlər qurmaqdır. Türkmənistanla münasibətlər də məhz bu prinsiplərə əsaslanır. Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmır və eyni münasibəti tərəfdaşlarından gözləyir. Bu yanaşma dövlətlər arasında uzunmüddətli və etibarlı münasibətlərin formalaşmasına imkan verir.
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı ölkəmizin xarici siyasətində Mərkəzi Asiya istiqamətinin nə qədər vacib olduğunu bir daha göstərir. Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə ciddi canlanma müşahidə olunur. Qarşılıqlı səfərlər, iqtisadi layihələr və siyasi dialoq bu əlaqələri daha da möhkəmləndirir. Gələcəkdə Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın daha da genişlənəcəyini gözləmək olar. Enerji, nəqliyyat, logistika, ticarət, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün böyük potensial mövcuddur.
Ən əsası isə Azərbaycan-Türkmənistan münasibətləri qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır. Bu münasibətlərin inkişafı həm Azərbaycan, həm Türkmənistan, həm də bütövlükdə region üçün faydalıdır. Ölkələrimiz arasında əlaqələrin güclənməsi yeni iqtisadi imkanların yaranmasına, nəqliyyat bağlantılarının genişlənməsinə və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Türkmənistanın gələcəyə baxışında ortaq maraqlar kifayət qədər çoxdur. Xəzərin yaratdığı imkanlardan səmərəli istifadə etmək, Şərqlə Qərb arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək, enerji və ticarət layihələrini genişləndirmək hər iki ölkənin iqtisadi inkişafına töhfə verə bilər.
Bu baxımdan Azərbaycan-Türkmənistan münasibətlərinin bugünkü inkişafı yalnız iki dövlət arasındakı əlaqələrin göstəricisi deyil. Bu münasibətlər həm də türk dünyasının birliyinin, Xəzər regionunda əməkdaşlığın və Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin gələcəkdə daha da güclənəcəyinin göstəricisidir. Azərbaycaan-Türkmənistan münasibətləri bu gün dinamik şəkildə inkişaf edir və qarşıda daha böyük əməkdaşlıq imkanları dayanır. Siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji və nəqliyyat layihələri, humanitar əlaqələr və ortaq tarixi-mədəni dəyərlər bu münasibətlərin möhkəm əsasını təşkil edir. Dövlətlər arasında yaranmış qarşılıqlı etimad və dostluq münasibətləri gələcəkdə də yeni layihələrin həyata keçirilməsinə və əməkdaşlığın daha yüksək səviyyəyə çatmasına imkan verəcək. Azərbaycanın milli maraqlara əsaslanan, sülh və əməkdaşlığı dəstəkləyən xarici siyasəti çərçivəsində Türkmənistanla əlaqələrin inkişaf etdirilməsi mühüm istiqamətlərdən biri olaraq qalır. Bu əməkdaşlıqdan qazanan isə təkcə dövlətlər deyil, ilk növbədə Azərbaycan və Türkmənistan xalqları olacaqdır.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

























