Azərbaycan–Türkmənistan Münasibətlərində Yeni Perspektivlər və Əməkdaşlıq İmkanları
Son illərdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli siyasi dialoq daha da intensiv xarakter almışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri əlaqələrin inkişafına mühüm töhfə verir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunmuşdur.
Səfər zamanı Azərbaycan Respublikası ilə Türkmənistan arasında müxtəlif sahələri əhatə edən 12 mühüm sənəd imzalanmış, həmçinin dövlət başçıları tərəfindən Birgə Bəyanat qəbul edilmişdir. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar açır.
Səfərin diqqətçəkən məqamlarından biri də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostluq” neft tankerinin Türkmənistana hədiyyə olunması mərasimi olmuşdur. Bu hadisə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin növbəti simvolu kimi dəyərləndirilmişdir. Türkmənistan Prezidenti bu addımın ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulamışdır.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan–Türkmənistan münasibətlərinin möhkəm tarixi və mənəvi təməl üzərində qurulduğunu qeyd edərək bildirmişdir ki, ölkələrimizi birləşdirən amillər yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, həm də ortaq tarix, mədəniyyət və dəyərlərdən qaynaqlanır.
Mədəni-humanitar əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən biri olaraq qalır. Bakı ilə Aşqabadın, eləcə də Füzuli ilə Arkadağ şəhərlərinin qardaşlaşması xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu addımlar şəhərlərarası əməkdaşlığın genişləndirilməsi, mədəni əlaqələrin dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinə verdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən məscid kompleksinin inşa edilməsi iki qardaş xalq arasında mənəvi birliyin və qarşılıqlı hörmətin parlaq nümunəsidir. Bu layihə dostluq münasibətlərinin konkret əməli nəticəsi kimi qiymətləndirilir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da Azərbaycan–Türkmənistan münasibətlərinin strateji istiqamətlərindən biridir. Hər iki ölkə Şərqlə Qərbi birləşdirən mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısıdır. Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımalar, Orta Dəhlizin inkişafı və tranzit imkanlarının genişləndirilməsi regional iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasir dünyada təhlükəsiz və etibarlı nəqliyyat marşrutlarının əhəmiyyəti getdikcə artır və bu sahədə Azərbaycan ilə Türkmənistanın əməkdaşlığı geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır.Enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi də gündəmdə olan əsas məsələlərdəndir. Zəngin təbii ehtiyatlara malik olan hər iki dövlət enerji resurslarının səmərəli istifadəsi və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması istiqamətində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim






















