image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17821115015658013743_1200x630

Azərbaycan–Türkmənistan münasibətləri gələcək illərdə daha da inkişaf edəcək

image-legitimaz-810x90

Bakıda əldə olunan yüksək səviyyəli razılaşmalar və dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri gələcək illərdə daha da inkişaf edəcək

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə keçirdiyi görüş iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan və Türkmənistan yalnız dostluq və qardaşlıq münasibətləri ilə deyil, həm də regional və beynəlxalq əhəmiyyət daşıyan strateji tərəfdaşlıq əlaqələri ilə bir-birinə bağlıdır. Prezident İlham Əliyev görüş zamanı vurğuladı ki, Türkmənistan rəhbərliyinin və qardaş türkmən xalqının Azərbaycana olan səmimi münasibəti ölkələrimiz arasındakı əlaqələrin əsasını təşkil edir. Bu dostluğun və qarşılıqlı etimadın bariz nümunələrindən biri Türkmənistanın Qarabağda aparılan bərpa və quruculuq işlərinə verdiyi dəstəkdir. Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun ötən ilin iyul ayında Azərbaycana səfəri zamanı irəli sürdüyü təşəbbüs əsasında Füzuli şəhərində məscid tikintisinə başlanılması iki xalq arasındakı mənəvi bağlılığın və qardaşlığın ifadəsidir. Bu layihə yalnız dini və mədəni əhəmiyyət daşımır, eyni zamanda Qarabağın dirçəlişinə verilən mənəvi töhfə kimi qiymətləndirilir.

Bakı ilə Aşqabadın, eləcə də Füzuli ilə Arkadağ şəhərlərinin qardaşlaşması münasibətlərin davamlı inkişaf etdiyini və əməkdaşlığın yeni müstəviyə keçdiyini göstərir. Humanitar və mədəni əlaqələrin genişləndirilməsi xalqlarımız arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir. Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına göstərdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, ortaq tarix, dil, mədəniyyət və iqtisadi əlaqələr ölkəmizi Mərkəzi Asiya məkanı ilə sıx şəkildə bağlayır. Bu baxımdan Azərbaycanın regionun inteqrasiya proseslərində iştirakının genişlənməsi yeni geosiyasi reallıqların formalaşmasına mühüm töhfə verir.

Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr Şərqlə Qərbi birləşdirən mühüm beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır. Son illərdə qlobal iqtisadiyyatda baş verən dəyişikliklər təhlükəsiz və etibarlı nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasir dünyada etibarlı nəqliyyat marşrutları az saydadır və bu marşrutların formalaşmasında siyasi etimad və əməkdaşlıq həlledici rol oynayır.

Azərbaycan və Türkmənistan nəqliyyat-logistika sektorunda fəaliyyətlərini daha da əlaqələndirməklə artan yük axınlarının idarə olunmasını və üçüncü ölkələrdən əlavə yüklərin cəlb edilməsini hədəfləyirlər. Bu istiqamətdə əldə olunan razılaşmalar Orta Dəhlizin və Transxəzər nəqliyyat marşrutunun potensialını daha da artıracaq, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcəkdir.

Prezident Sərdar Berdiməhəmmədov Azərbaycandan Türkmənistana hədiyyə edilən “Dostluq” neft tankerini ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin növbəti rəmzi kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, bu gəmi iki ölkənin iqtisadi inkişafına və əməkdaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Bakıda əldə olunan yüksək səviyyəli razılaşmalar və dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri gələcək illərdə daha da inkişaf edəcək. Formalaşan strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə Xəzər hövzəsinin və Mərkəzi Asiya regionunun sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edir. Füzulidə inşa olunan məscid və “Dostluq” tankeri bu qardaşlığın, qarşılıqlı etimadın və əməkdaşlığın gələcək nəsillərə ötürüləcək ən dəyərli simvollarından biri kimi tarixdə qalacaqdır.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki