image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791441082_17914405241251564796_1200x630

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

image-legitimaz-810x90

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

 

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər son illərdə yeni dinamizm və məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı da iki qardaş ölkə arasındakı əlaqələrin çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və yüksəksəviyyəli siyasi dialoq xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları səviyyəsində həyata keçirilən intensiv təmaslar tərəflərin bir-birinə olan etimadını, əməkdaşlığın genişləndirilməsinə siyasi iradəsini və ortaq maraqlar əsasında yeni layihələrin reallaşdırılmasına marağını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən ildən etibarən ən yüksək səviyyədə artıq beş səfərin baş tutması münasibətlərin təsadüfi deyil, ardıcıl və məqsədyönlü inkişaf etdiyini təsdiqləyir.

Bu münasibətlərin təməlində yalnız siyasi və iqtisadi maraqlar deyil, eyni zamanda tarixi, milli və mənəvi yaxınlıq dayanır. Azərbaycan və Türkmənistan xalqları ortaq dil, mədəniyyət, adət-ənənə və tarixi yaddaşla bir-birinə bağlıdır. Məhz bu baxımdan ölkələr arasında münasibətləri yalnız diplomatik əlaqələr çərçivəsində qiymətləndirmək mümkün deyil. Burada söhbət iki qardaş xalq arasında dərin köklərə malik dostluq bağlarının müasir dövrdə dövlətlərarası əməkdaşlıq müstəvisində daha da möhkəmləndirilməsindən gedir.

Prezident İlham Əliyevin çıxışında Füzuli şəhərində Türkmənistan tərəfindən inşa olunan məscidə xüsusi diqqət yetirməsi də bu mənəvi yaxınlığın mühüm nümunəsidir. Türkmənistan xalqının və dövlətinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağda aparılan bərpa və quruculuq prosesinə belə bir töhfə verməsi böyük mənəvi məna daşıyır. Məscidin təməlinin ötən il iki ölkə rəhbərliyinin iştirakı ilə qoyulması isə bu layihəyə verilən yüksək siyasi və ictimai əhəmiyyətin göstəricisidir.

Füzulidə ucaldılan məscid sadəcə dini ibadət məkanı deyil. O, həm də Azərbaycan-Türkmənistan qardaşlığının daşlaşmış ifadəsi, xalqlarımızın mənəvi bağlarının simvoludur. Qarabağın yenidən qurulduğu, şəhər və kəndlərin dirçəldiyi bir dövrdə qardaş Türkmənistanın bu prosesə öz töhfəsini verməsi dostluğun yalnız sözlə deyil, konkret əməli addımlarla təsdiqləndiyini göstərir.

Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Ölkəmizin regionun siyasi, iqtisadi və nəqliyyat əlaqələrində fəal iştirakı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm tərəfdaşa çevirir. Türkmənistanla münasibətlərin yüksələn xətt üzrə inkişafı isə Xəzər dənizi üzərindən nəqliyyat, enerji, ticarət və humanitar əlaqələrin genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Prezident İlham Əliyevin Türkmənistanda keçirilən görüşdə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri qarşıdakı dövrdə də yeni məzmunla zənginləşəcək. Siyasi etimadın möhkəmlənməsi, qarşılıqlı səfərlərin intensivləşməsi və xalqlarımızı birləşdirən mənəvi dəyərlərin qorunması bu əməkdaşlığın davamlılığını təmin edən əsas amillərdir.

Azərbaycan və Türkmənistan arasında münasibətlər bu gün dövlətlərarası əlaqələrin uğurlu modelindən daha geniş məna kəsb edir. Bu münasibətlər ortaq tarixi yaddaşın, qardaşlıq duyğusunun və gələcəyə hesablanmış siyasi iradənin üzərində qurulur. Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid isə bu qardaşlığın gələcək nəsillərə ötürüləcək ən mənalı rəmzlərindən biri kimi tarixdə öz yerini tutacaq.

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki