Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirərək qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir
Dünyanın müxtəlif ölkələrini və beynəlxalq təşkilatlarını bir araya gətirən mötəbər forumların Bakıda təşkil olunması ölkəmizin artan nüfuzunun, sabitliyinin və etibarlı tərəfdaş imicinin göstəricisidir. Bu baxımdan paytaxt Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın növbəti böyük uğuru kimi tarixə düşmüşdür. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçının ölkəmizə gəlməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq platforması kimi rolunu bir daha təsdiqləmişdir.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışı ölkəmizin şəhərsalma siyasətini, müasir inkişaf strategiyasını və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə ətraflı şəkildə təqdim etmişdir. Dövlət başçısının vurğuladığı kimi, builki forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin yüksək nüfuzundan xəbər verir. Bu göstərici Bakının qlobal miqyaslı tədbirlərin təşkilində artıq böyük təcrübəyə malik olduğunu nümayiş etdirir.
Azərbaycanın son illərdə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin siyasi sabitliyinin, iqtisadi gücünün və təhlükəsiz mühitinin nəticəsidir. COP29-dan sonra Ümumdünya Şəhərsalma Forumunun da Bakıda keçirilməsi dünya birliyinin Azərbaycana olan böyük etimadının bariz nümunəsidir. Eyni zamanda, forum ölkəmizə ilk dəfə gələn xarici qonaqlar üçün Azərbaycanın zəngin mədəniyyətini, memarlıq ənənələrini və müasir inkişaf modelini yaxından görmək imkanı yaratmışdır.
Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkan olmuşdur. Bu xüsusiyyət ölkəmizin şəhərsalma və memarlıq ənənələrində də özünü aydın şəkildə göstərir. Müasir Bakı şəhəri qədim irslə müasir urbanizasiya nümunələrinin vəhdətini özündə əks etdirir. YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş İçərişəhərin tarixi görkəmi ilə müasir memarlıq komplekslərinin harmoniyası Azərbaycanın öz milli-mənəvi dəyərlərinə bağlılığını nümayiş etdirir.
Paytaxtın inkişafını əks etdirən mühüm layihələrdən biri də Bakı Bulvarıdır. Vaxtilə kiçik ərazini əhatə edən bulvar bu gün genişləndirilərək şəhərin ən böyük və müasir istirahət məkanlarından birinə çevrilmişdir. Bu layihə Bakının sürətli inkişafını və şəhərsalma sahəsində həyata keçirilən uğurlu siyasəti əyani şəkildə göstərir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız iqtisadi və siyasi sahədə deyil, humanitar, ekoloji və şəhərsalma istiqamətlərində də nümunəvi inkişaf modeli təqdim edir. Ölkəmiz öz tarixi-mədəni irsini qorumaqla yanaşı, müasir və dayanıqlı şəhərlərin qurulması istiqamətində də mühüm addımlar atır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının əsas tərkib hissəsidir. Bu layihələr müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunması və insanların rahat yaşayışının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla yanaşı, ölkəmizin gələcək inkişaf perspektivləri üçün də yeni imkanlar açır. Bu forum Azərbaycanın dünya birliyində artan rolunun və uğurlu dövlət siyasətinin növbəti təntənəli nümayişi olmuşdur.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

























