Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə sürətlə inkişaf edir. Siyasi münasibətlərlə yanaşı, iqtisadi və investisiya sahəsində də mühüm addımlar atılır. Azərbaycan Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir. Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Birgə investisiya fondlarının yaradılması ölkələr arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə fondlar vasitəsilə müxtəlif layihələrə sərmayə yatırmaq, yeni müəssisələr yaratmaq və istehsal sahələrini inkişaf etdirmək üçün daha geniş imkanlar yaranır.
Azərbaycan Prezidentinin diqqət çəkdiyi əsas məsələlərdən biri də bu fondların imkanlarından daha səmərəli istifadə edilməsidir. Dövlətimizin başçısı qeyd edib ki, qarşıdakı dövrdə birgə layihələrin həyata keçirilməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına və sənaye əməkdaşlığının genişləndirilməsinə daha çox diqqət yetirilməlidir. Bu yanaşma göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə yalnız ticarət əlaqələrinin artırılmasını deyil, daha geniş iqtisadi əməkdaşlığı qarşıya məqsəd qoyur. Birgə investisiyalar, istehsal və sənaye kooperasiyası ölkələrin iqtisadi imkanlarının birləşdirilməsinə şərait yaradır.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaratdığı investisiya fondları həmçinin yeni istehsal sahələrinin yaradılması üçün mühüm maliyyə imkanları formalaşdırır. Bu fondlardan səmərəli istifadə olunması gələcəkdə müxtəlif sahələrdə birgə müəssisələrin yaradılmasına və məhsulların xarici bazarlara çıxarılmasına şərait yarada bilər. Prezident İlham Əliyev çıxışında mühüm bir məqama da diqqət çəkib. Dövlət başçısının sözlərinə görə, ölkələr yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, eyni zamanda birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıdırlar. Bu fikir Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gələcək istiqamətlərini aydın göstərir. Məqsəd yalnız hazırkı iqtisadi əlaqələri qorumaq deyil, yeni layihələr yaratmaq, istehsalı artırmaq və birgə məhsullarla dünya bazarlarına çıxmaqdır.
Beləliklə, Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması ölkəmizin Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Bu əməkdaşlığın bundan sonra da genişlənməsi həm Azərbaycan, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru- Kəmalə Əliyeva

























