image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17874883321715939199_1200x630

Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı- regional əməkdaşlığın yeni mərhələsi

image-legitimaz-810x90

Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı- regional əməkdaşlığın yeni mərhələsi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ kimi yadda qaldı. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki ölkə arasında əlaqələrin strateji və uzunmüddətli xarakter daşıdığını bir daha nümayiş etdirdi.

Səfər çərçivəsində aparılan müzakirələr göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız siyasi dialoq və mənəvi yaxınlıq müstəvisində deyil, konkret iqtisadi və regional layihələr əsasında inkişaf edir. Dövlət başçılarının qarşılıqlı etimadı və siyasi iradəsi iki ölkənin mövcud potensialının daha səmərəli şəkildə reallaşdırılması üçün mühüm imkanlar yaradır.

Azərbaycan Prezidentinin Daşkənddə Özbəkistanın son illərdə keçdiyi inkişaf yoluna verdiyi yüksək qiymət xüsusi diqqət çəkir. Ölkədə sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat və digər sahələrdə həyata keçirilən islahatlar Özbəkistanın iqtisadi imkanlarının genişlənməsinə və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə şərait yaradıb. Bu tərəqqi, eyni zamanda, Azərbaycan–Özbəkistan əməkdaşlığının inkişafı üçün yeni imkanlar formalaşdırır.

İki ölkə arasında iqtisadi əlaqələrin mühüm göstəricilərindən biri qarşılıqlı ticarətin və investisiyaların artmasıdır. Bir milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə nail olmaq hədəfinin real və yaxın perspektiv kimi qiymətləndirilməsi iqtisadi münasibətlərin mövcud səviyyəsini aydın şəkildə əks etdirir. Bu məqsədə çatmaq üçün sənaye kooperasiyasının genişləndirilməsi, birgə müəssisələrin yaradılması, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm xüsusiyyəti onun regional xarakterinin getdikcə güclənməsidir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin genişlənməsi ölkəmizin regionda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında rolunu artırır. Orta Dəhliz, Xəzər üzərindən daşımalar və digər nəqliyyat-kommunikasiya imkanları Azərbaycan ilə Mərkəzi Asiya arasında yeni iqtisadi əlaqələrin formalaşmasına şərait yaradır.

Bu prosesdə Özbəkistanın xüsusi mövqeyi vardır. Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri olan Özbəkistanın iqtisadi potensialı ilə Azərbaycanın nəqliyyat və logistika imkanlarının əlaqələndirilməsi geniş regional perspektivlər yaradır. İki ölkə arasında əməkdaşlığın inkişafı Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında daha sıx iqtisadi əlaqələrin formalaşmasına da mühüm töhfə verir.

Azərbaycan–Özbəkistan tərəfdaşlığının mənəvi əsasları da onun davamlılığını təmin edən mühüm amillərdəndir. Tarixi-mədəni yaxınlıq, ortaq dəyərlər və xalqlarımız arasında qarşılıqlı rəğbət siyasi və iqtisadi əlaqələrin möhkəm təməlini təşkil edir. Bu mənəvi bağların konkret layihələrlə tamamlanması münasibətlərə xüsusi məzmun qazandırır.Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisədir. Qarşıdakı dövrdə əldə olunan razılaşmaların icrası, yeni layihələrin reallaşdırılması və regional əməkdaşlığın genişləndirilməsi Azərbaycan–Özbəkistan münasibətlərini daha yüksək mərhələyə yüksəldəcəkdir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki