Azərbaycan–Özbəkistan münasibətləri- əlverişli investisiya mühiti və möhkəmlənən qardaşlıq əlaqələri
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixi-mədəni yaxınlıq, qarşılıqlı hörmət və möhkəm dostluq prinsipləri əsasında inkişaf edərək son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi iqtisadi əlaqələrin, qarşılıqlı investisiyaların və birgə layihələrin genişlənməsi üçün möhkəm zəmin formalaşdırmışdır.
İnvestisiyaların istiqamətləri ölkələr arasında mövcud olan qarşılıqlı etimad və investisiya mühitinin əlverişliliyi ilə sıx bağlıdır. Bu baxımdan dost və qardaş ölkələr arasında sərmayə qoyuluşlarının həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimadın yüksək olması investorlar üçün uzunmüddətli əməkdaşlıq imkanlarını genişləndirir, iqtisadi layihələrin daha inamla həyata keçirilməsinə şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistanda əlverişli investisiya mühitinin formalaşmasında Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların xüsusi rolu vardır. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində aparılan ardıcıl siyasət Özbəkistanın beynəlxalq investorlar üçün cəlbediciliyini artırmışdır.
Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Özbəkistanın iqtisadiyyatında yeni inkişaf mərhələsi formalaşmışdır. Beynəlxalq maliyyə institutları və qlobal iqtisadi aktorların ölkəyə marağının artması Özbəkistanda yaradılan investisiya mühitinin müsbət nəticələrindən biri kimi qiymətləndirilə bilər. İqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın dəstəklənməsi və investisiya imkanlarının genişləndirilməsi ölkənin davamlı inkişafına mühüm töhfə verir.
Özbəkistanın bu inkişaf dinamikası Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın qardaş ölkələr olması ilə yanaşı, iqtisadi potensiallarının bir-birini tamamlaması qarşılıqlı investisiyaların artırılması üçün geniş imkanlar yaradır. Sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat, turizm, avtomobil sənayesi və digər sahələrdə həyata keçirilən layihələr iki ölkənin iqtisadi əməkdaşlığının çoxşaxəli xarakterini nümayiş etdirir.
Azərbaycanın Özbəkistanın uğurlarına səmimi münasibəti iki ölkə arasında mövcud olan qardaşlığın bariz göstəricisidir. Eyni zamanda, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı prosesində iştirakı qarşılıqlı həmrəyliyin və etimadın konkret ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Azərbaycana dövlət səfərinə dəvət ünvanlaması da iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə səfərlər yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və mövcud layihələrin daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı etimad, əlverişli investisiya imkanları və möhkəm qardaşlıq təməlləri üzərində bundan sonra da uğurla inkişaf edəcəkdir. İki ölkənin birgə səyləri yeni layihələrin reallaşmasına, investisiyaların artmasına, iqtisadi əlaqələrin daha da genişlənməsinə və Azərbaycan və Özbəkistan xalqlarının rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc























