Azərbaycan–Özbəkistan əməkdaşlığında yeni mərhələ- bir milyardlıq ticarət dövriyyəsi hədəfi
Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək yeni məzmunla zənginləşmişdir. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və siyasi iradə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə, birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı investisiyaların artırılmasına mühüm zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına çatdırılması artıq uzaq və əlçatmaz hədəf kimi deyil, yaxın illərdə reallaşdırılması mümkün olan konkret nəticə kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin hansı səviyyəyə yüksəldiyini və mövcud potensialın nə qədər böyük olduğunu aydın şəkildə göstərir.
Xüsusi qeyd edilməlidir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsi qısa müddət ərzində formalaşmayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyə gəlişindən əvvəl Azərbaycan ilə Özbəkistan arasında bu miqyasda birgə layihələr mövcud deyildi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər, qarşılıqlı investisiya layihələri və genişlənən ticarət əlaqələri iki ölkənin iqtisadi potensialının getdikcə daha səmərəli şəkildə birləşdirildiyini göstərir.
Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının paralel inkişafı əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaradır. İqtisadiyyatın ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiyaların həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika imkanlarından birgə istifadə edilməsi qarşılıqlı iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
İki ölkə arasında əməkdaşlığın inkişafı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistanın regional əməkdaşlıqda fəallığının artması daha geniş coğrafiyada yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşmasına şərait yaradır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması bu baxımdan mühüm hadisədir. Bu prosesdə Özbəkistanın və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu və dəstəyi diqqətəlayiqdir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi, Özbəkistanla strateji tərəfdaşlığın möhkəmlənməsi və qarşılıqlı iqtisadi maraqların artması regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olur. Bu əməkdaşlıq həm ölkələrimizin iqtisadi inkişafına, həm də nəqliyyat, logistika və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı faydaya, etimada və uzunmüddətli strateji maraqlara əsaslanır. Bir milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə nail olmaq qarşıda duran mühüm hədəflərdən biri olmaqla yanaşı, iki ölkənin mövcud potensialının daha geniş şəkildə reallaşdırılması üçün yeni mərhələnin başlanğıcıdır. Azərbaycan və Özbəkistanın inkişaf tempinin və iqtisadi potensialının bundan sonra da paralel şəkildə artması qarşılıqlı ticarətin, investisiyaların və birgə layihələrin daha da genişlənməsinə imkan verəcək. Bu isə yalnız iki qardaş ölkənin iqtisadi inkişafına deyil, bütövlükdə regionda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri























