Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir.
Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının iqtisadi potensialını yalnız tranzit və enerji ilə məhdudlaşdırmaq düzgün olmazdı. Regionda əhalinin sayının və daxili bazarların böyüməsi, sənayeləşmə proseslərinin sürətlənməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və özəl sektorun genişlənməsi qarşılıqlı ticarət və investisiyalar üçün böyük imkanlar yaradır. Azərbaycan 2025-ci ilin noyabrında Mərkəzi Asiya ölkələri üzrə xüsusi ticarət nümayəndəsi təyin etməklə bu istiqamətdə institusional əməkdaşlığı da gücləndirib. Bu addım Azərbaycanın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla iqtisadi əlaqələrinin sistemli şəkildə genişləndirilməsinə verilən əhəmiyyətin göstəricisidir. Özbəkistan bu prosesdə xüsusi yer tutur. Əhalisinin sayı 37 milyondan çox olan Özbəkistan Mərkəzi Asiyanın ən böyük insan kapitalı və istehlak bazarlarından birinə malikdir. Son illərdə ölkədə sürətli iqtisadi artım, sənayeləşmə, şəhərsalma, nəqliyyat və enerji infrastrukturu sahələrində genişmiqyaslı dəyişikliklər həyata keçirilir. 2025-ci ildə Özbəkistan iqtisadiyyatı 7,7 faiz böyüyüb, 2026-cı ilin ilk yarısında isə ÜDM artımı 8,5 faiz təşkil edib. Bu dinamika Özbəkistanı yalnız regional istehlak bazarı kimi deyil, həm də investisiya, istehsal və logistika baxımından mühüm tərəfdaş kimi ön plana çıxarır. Azərbaycanla Özbəkistan arasında son illərdə iqtisadi əlaqələrin sürətli inkişafı ümumi regional əməkdaşlığın potensialını nümayiş etdirir. İki ölkə arasında sənaye kooperasiyası, avtomobil istehsalı, kənd təsərrüfatı, tekstil, logistika, enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi qarşılıqlı iqtisadi əlaqələrin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir. 23 avqust səfəri çərçivəsində “Yeni Daşkənd” ərazisində “Azərbaycan” parkının təməlinin qoyulması və Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışının keçirilməsi isə iqtisadi əməkdaşlıqla yanaşı, humanitar və mədəni əlaqələrin də strateji tərəfdaşlığın ayrılmaz hissəsinə çevrildiyini nümayiş etdirir. Regionun geosiyasi əhəmiyyəti də sürətlə artır. Mərkəzi Asiya ölkələri uzun müddət böyük güclərin maraqlarının kəsişdiyi məkan kimi qiymətləndirilsə də, bu gün region dövlətlərinin öz aralarında daha sıx əməkdaşlıq etməsi və çoxvektorlu xarici siyasət yürütməsi onların beynəlxalq subyektliyini gücləndirir. Azərbaycan da bu prosesdə fəal rol oynayır. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanla Mərkəzi Asiyanın türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsi regional inteqrasiya proseslərinə əlavə stimul verir. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı etimadın yüksək səviyyəsi regional məsələlər üzrə koordinasiyanın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni regional reallıqlar da bu prosesə əlavə imkanlar açıb. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Zəngəzur dəhlizi istiqamətində nəqliyyat bağlantılarının inkişaf perspektivi və Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin regional bağlantı imkanlarını daha da artırır. Zəngəzur dəhlizinin reallaşması Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa bazarlarına çıxışını daha da asanlaşdıra, Azərbaycanı isə Mərkəzi Asiya ilə Avropa arasında daha qısa və alternativ nəqliyyat bağlantılarının əsas elementlərindən birinə çevirə bilər.
Bu baxımdan regionun gələcək inkişafında “Xəzər amili” xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiyadan ayıran coğrafi maneə olmaqdan daha çox, onları birləşdirən strateji nəqliyyat və iqtisadi məkan funksiyasını getdikcə daha çox yerinə yetirir. Azərbaycan limanları ilə Qazaxıstan və Türkmənistan limanlarının imkanlarının genişləndirilməsi, bərə və gəmi donanmasının inkişaf etdirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi Xəzər üzərindən yükdaşımaların sürətini və səmərəliliyini artırır. Bütün bu amillər Mərkəzi Asiya və Azərbaycanı ayrı-ayrı iqtisadi sistemlərdən daha çox bir-birini tamamlayan vahid geoiqtisadi məkan kimi nəzərdən keçirməyə əsas verir. Mərkəzi Asiya təbii resurslar, böyük ərazi, artan əhali, enerji və sənaye potensialı ilə, Azərbaycan isə Xəzər üzərindən çıxış, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları və Avropa bazarlarına bağlantıları ilə bir-birini tamamlayır. Bir tərəfin ehtiyac duyduğu logistika və bazar imkanları digər tərəfin üstünlükləri ilə, bir tərəfin enerji və xammal potensialı digər tərəfin nəqliyyat və ixrac imkanları ilə birləşir. Deməli, Prezident İlham Əliyevin “Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur” fikri gələcəyə hesablanmış strateji baxışdır. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, regionun malik olduğu potensial ayrı-ayrılıqda istifadə edildikdə əldə edilən nəticədən daha böyük iqtisadi və siyasi effekt ölkələrin imkanlarının vahid regional layihələrdə birləşdirilməsi ilə əldə oluna bilər. Nəqliyyat dəhlizləri, enerji layihələri, ticarət, investisiya, rəqəmsallaşma, sənaye kooperasiyası, turizm, təhsil və humanitar əlaqələr bu inteqrasiyanın əsas sütunlarıdır. Hazırda bunun üçün həm siyasi iradə, həm iqtisadi baza, həm də real infrastruktur formalaşıb. Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin sürətli inkişafı, Orta Dəhlizin əhəmiyyətinin artması, Xəzər üzərindən yükdaşımaların genişlənməsi, enerji və yaşıl enerji layihələrinin gündəmə gəlməsi, qarşılıqlı investisiyaların artması və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi vahid regional məkanın konturlarını daha aydın göstərir. Qarşıdakı mərhələdə əsas məsələ mövcud potensialı konkret layihələrə çevirmək, ticarət maneələrini azaltmaq, nəqliyyat bağlantılarını daha da sürətləndirmək və region ölkələri arasında iqtisadi inteqrasiyanı institusional baxımdan möhkəmləndirməkdir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya yalnız ortaq tarix və mədəniyyətlə birləşən coğrafiya deyil, XXI əsrdə Avrasiya geosiyasətinin və geoiqtisadiyyatının mühüm mərkəzlərindən birinə çevrilmək imkanına malik vahid strateji məkandır. Bu məkanın üstünlüyü onun enerji ehtiyatları və təbii sərvətlərində olduğu qədər, Avropa ilə Asiyanı birləşdirən coğrafi mövqeyində, sürətlə böyüyən bazarlarında, insan kapitalında və qarşılıqlı siyasi etimadındadır. Azərbaycan isə Mərkəzi Asiyanın Avropa və qlobal iqtisadi sistemlə daha sıx inteqrasiyasında mühüm bağlantı nöqtəsi rolunu oynayır. Buna görə də regionun qarşıdakı inkişaf perspektivi ayrı-ayrı ölkələrin uğurlarının cəmindən daha böyük nəticə vəd edir: məqsəd potensialı bölüşmək deyil, onu birləşdirərək ümumi regional gücə çevirməkdir.
Veteran Müəllim Etibar Niftəliyev






















