image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2026_08_21_6a881b78e26b3

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

image-legitimaz-810x90

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

 

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri son illərdə yeni məzmunla zənginləşərək iqtisadi əməkdaşlığın bütün istiqamətlərində konkret layihələrlə müşayiət olunur. İki ölkənin dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimadı nəticəsində Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri artıq yalnız ticarət münasibətləri ilə məhdudlaşmır, investisiya, energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye, mədənçilik, turizm və bank sektorlarını əhatə edən geniş əməkdaşlıq platformasına çevrilir.

Cənab Prezident İlham Əliyevin avqustun 23-də Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşləri və mətbuata bəyanatı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayaraq qeyd edib ki, müzakirə olunan layihələr enerji, nəqliyyat və investisiyalardan turizmə, mədən sənayesinə, avtomobil sənayesinə, kənd təsərrüfatına və emala qədər geniş sahələri əhatə edir. Prezident, həmçinin Azərbaycan bankının Özbəkistan bazarına daxil olmasını və SOCAR-ın bu ölkənin pərakəndə yanacaq bazarında fəaliyyətə başlamasını iqtisadi əlaqələrin yeni istiqamətləri kimi qeyd edib.

Səfər çərçivəsində Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri iqtisadi tərəfdaşlığın real nəticələrini əyani şəkildə nümayiş etdirdi. “Davr Bank”ın fəaliyyətə başlaması, gips zavodunun və STEAM məktəblərinin açılışı, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələrinin, “Sea Breeze Uzbekistan” və “Baku City” yaşayış komplekslərinin, gümüş tərkibli filizin emalı üzrə müəssisənin və meyvə bağlarının təməlinin qoyulması Azərbaycanın Özbəkistan iqtisadiyyatına sərmayə qoyuluşunun sahə və coğrafiya baxımından genişləndiyini göstərir.

İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də investisiya fəaliyyətidir. Prezident İlham Əliyevin sözlərinə görə, artıq layihələrlə təmin olunmuş investisiya fondu, Azərbaycanın turizm infrastrukturu və avtomobil sənayesi ilə bağlı investisiya layihələri nəzərə alınmaqla söhbət milyardlarla dollar həcmində sərmayədən gedir. Bu isə qarşılıqlı investisiyaların təsadüfi xarakter daşımadığını, uzunmüddətli iqtisadi strategiyanın tərkib hissəsinə çevrildiyini göstərir.

Özbəkistanın iqtisadi inkişafı və əlverişli investisiya mühitinin formalaşdırılması da Azərbaycan şirkətlərinin bu ölkədə fəaliyyətinin genişlənməsinə mühüm zəmin yaradır. Prezident İlham Əliyev Özbəkistanın sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturunun inkişafında əldə etdiyi nəticələri yüksək qiymətləndirib. Bu dinamika Azərbaycan biznesinin Özbəkistanda yeni layihələrə marağının artmasına və iki ölkənin öz iqtisadi potensiallarını qarşılıqlı şəkildə tamamlamasına imkan verir.

Beləliklə, bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi gündəliyi konkret layihələr, real investisiyalar və qarşılıqlı faydaya əsaslanan təşəbbüslərlə zəngindir. Dövlət başçılarının siyasi iradəsi və biznes dairələrinin fəallığı bu əməkdaşlığın gələcəkdə də davamlı şəkildə genişlənəcəyinə möhkəm əsas yaradır. İki qardaş ölkənin iqtisadi potensiallarının bir araya gətirilməsi həm milli iqtisadiyyatların inkişafına, həm də bütövlükdə Türk dünyasının və regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verəcək.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki