Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır” fikri ölkəmizdə həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin məntiqi nəticəsini ifadə edir. Bu gün Azərbaycan Silahlı Qüvvələri müasir silahlanması, peşəkar şəxsi heyəti, yüksək döyüş hazırlığı və qazandığı tarixi qələbələrlə regionun ən güclü hərbi qüvvələrindən biri kimi tanınır.
Müstəqilliyin ilk illərində mürəkkəb sınaqlarla üzləşən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və hərbi texnika ilə təchizatı, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi bu inkişafın əsas istiqamətlərini təşkil edir. Müasir müharibələr yalnız silah üstünlüyü ilə deyil, həm də peşəkar kadr hazırlığı, operativ idarəetmə, texnoloji imkanlar və yüksək mənəvi-psixoloji hazırlıqla xarakterizə olunur. Azərbaycan Ordusunda keçirilən genişmiqyaslı təlimlər, beynəlxalq hərbi əməkdaşlıq proqramları və döyüş hazırlığının daim təkmilləşdirilməsi ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Müasir taktika, yüksək döyüş ruhu, peşəkar komandanlıq və yeni texnologiyaların səmərəli tətbiqi nəticəsində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi zəfər ordumuzun peşəkarlığının və dövlətimizin hərbi gücünün ən parlaq göstəricisi oldu. Qələbədən sonra da Azərbaycan Ordusunda islahatlar davam etdirilmiş, yeni komando birlikləri yaradılmış, xüsusi təyinatlı qüvvələrin imkanları genişləndirilmiş, müasir texnologiyaların və pilotsuz uçuş aparatlarının tətbiqi daha da inkişaf etdirilmişdir. Eyni zamanda, azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və yeni hərbi infrastrukturun qurulması ordumuzun potensialını daha da artırmışdır.
Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin təhlükəsizliyinin qarantı deyil, həm də dövlətimizin gücünün, xalqımızın iradəsinin və milli birliyimizin rəmzidir. Ordumuzun qazandığı uğurlar göstərir ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında layiqli yer tutur və gələcəkdə də bu mövqeyini daha da möhkəmləndirəcəkdir.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini

























