image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-af1fdbeb3243e46e437b54ea29fe37cc_800

Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ

image-legitimaz-810x90

Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas vəzifələrdən biri olmuşdur. Xüsusilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində güclü və peşəkar ordunun yaradılması həyati əhəmiyyət daşıyırdı. Bu istiqamətdə mühüm dönüş nöqtələrindən biri 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilənin imzalanması oldu. Atəşkəsin əldə olunması Azərbaycan Silahlı Qüvvələrinin sistemli şəkildə formalaşdırılması və inkişaf etdirilməsi üçün əlverişli şərait yaratdı.Həmin dövrdən etibarən dövlət tərəfindən ordu quruculuğuna xüsusi diqqət ayrıldı. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi, müasir silah və hərbi texnika ilə təminat gücləndirildi. Eyni zamanda şəxsi heyətin peşəkarlığının artırılması, hərbi təhsilin inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm addımlar atıldı.

Ordunun inkişafında mənəvi-psixoloji hazırlıq da vacib amillərdən biri olmuşdur. Hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, döyüş əzminin gücləndirilməsi və milli dəyərlərə bağlılığın artırılması istiqamətində geniş işlər görülmüşdür. Bu tədbirlər Azərbaycan əsgərinin yüksək döyüş ruhuna malik olmasına və qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməsinə imkan yaratmışdır.

Sonrakı illərdə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Ordumuzun döyüş qabiliyyəti və peşəkarlığı xüsusilə Vətən müharibəsində özünü bir daha sübut etmişdir. Qazanılan qələbələr göstərdi ki, uzun illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti uğurlu nəticələr vermişdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ordumuzun bütün şəxsi heyətinə dərin ehtiram göstərilir, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir. Güclü ordu güclü dövlətin əsas dayaqlarından biridir və Azərbaycan Ordusu bu missiyanı şərəflə yerinə yetirir.

 

Zərdab rayon Gəlmə kənd sakini                              Valeh Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki